Hörmüz boğazının bağlanmasından sonra idxal olunan qalıq yanacaqlar Avropaya əlavə olaraq 127 milyard avroya başa gəlib.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.
O, Avropanın rəqabət qabiliyyəti, təmiz enerjiyə keçid və süni intellekt sahəsində prioritetləri barədə danışıb. Bu il quraqlıq, meşə yanğınları və daşqınlar nəticəsində iqlim dəyişmələrinin dağıdıcı təsirlərinin müşahidə olunduğunu xatırladan Avropa Komissiyasının Prezidenti təmiz enerjiyə keçidin vacibliyini vurğulayıb.
İdxal olunan qalıq yanacaqlardan asılılığın iqtisadi nəticələrinə diqqət çəkən Ursula fon der Lyayen deyib: “Hörmüz boğazının bağlanmasından bəri idxal olunan qalıq yanacaqlar Avropaya əlavə 127 milyard avro xərc gətirib”.
O, neft və təbii qaz idxalının qiymət şokları və böhran risklərini də özü ilə gətirdiyini qeyd edib. Bildirib ki, təmiz enerjiyə keçid yalnız iqlim siyasəti baxımından deyil, həm də Avropanın rəqabət qabiliyyətinin və müstəqilliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ursula fon der Lyayen Avropanın 2050-ci ilədək iqlim baxımından neytral olan ilk qitəyə çevrilmək hədəfinə sadiq qaldığını bildirib. Onun sözlərinə görə, 2040-cı il üçün iqlim hədəfi ilə bağlı əldə olunan razılaşma bu istiqamətdə mühüm addımdır.
Aİ Komissiyasının Prezidenti xatırladıb ki, Avropa 2040-cı ilədək istixana qazı emissiyalarını 90 faiz azaltmağı öhdəsinə götürüb. O, 2021-ci ildən bəri Avropa İttifaqı üzrə dayanıqlı fəaliyyət sahələrinə 1,2 trilyon avrodan çox investisiya yatırıldığını da diqqətə çatdırıb.
Bu investisiyaların uzunmüddətli və proqnozlaşdırıla bilən siyasət tələb etdiyini vurğulayan Ursula fon der Lyayen məqsədlərə sadiq qalaraq təmiz sənaye sahələrinə dəstəyin davam etdiriləcəyini bildirib.
Qlobal təmiz texnologiyalar bazarının hər il təxminən 20 faiz artdığını qeyd edən Aİ Komissiyasının Prezidenti Avropanın bu texnologiyaların yalnız tətbiq olunduğu deyil, həm də işlənib hazırlandığı və istehsal edildiyi məkana çevrilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, 2005-ci ildə tətbiqinə başlanılan Avropa İttifaqının Emissiyaların Ticarəti Sistemi çərçivəsində əhatə olunan sektorlarda emissiyalar təxminən 50 faiz azalıb, iqtisadiyyat isə 30 faiz böyüyüb.
Ursula fon der Lyayen sistemin innovasiyalara və təmiz texnologiyalara yenidən investisiya yatırılması üçün 270 milyard avrodan çox gəlir təmin etdiyini bildirib.
O, həmçinin sənayenin transformasiyasını dəstəkləmək məqsədilə üzərində işlənilən Sənayenin Dekarbonizasiyası Bankı vasitəsilə 100 milyard avro həcmində maliyyə vəsaitinin səfərbər edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
