Daşkənddə “Dostlik Cup” futbol turnirində iştirak etmək üçün Qazaxıstandan gələn uşaqların və onları müşayiət edən böyüklərin kütləvi zəhərlənməsi ilə bağlı Çilanzar rayon prokurorluğunda cinayət işi açılıb.
NUHÇIXAN xəbər verir ki, yerli medianın məlumatına görə, ümumilikdə 20 nəfər tibbi yardım üçün müraciət edib.
Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına əsasən, noyabrın 1-də 13 nəfərdə kəskin bağırsaq infeksiyasının ilkin əlamətləri müşahidə olunub. Onlarda qusma, ishal, qarın ağrısı və hərarətin yüksəlməsi qeydə alınıb. Daha yeddi nəfər isə noyabrın 2-də və 3-də təcili tibbi yardıma müraciət edib.
İlkin məlumata görə, zərərçəkənlər Daşkənddəki hotellərdən birində səhər yeməyi yeyiblər. Süfrəyə verilən qidalar arasında kifayət qədər bişirilməmiş yumurta və sosislər də olub. Sanitar-epidemioloji xidmətin mütəxəssisləri laborator müayinələr aparılması üçün yemək qalıqlarından nümunələr götürüblər. Müayinələrin nəticələri hələ açıqlanmayıb.
Vəziyyət Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarovanın və Özbəkistanın səhiyyə nazirinin birinci müavini Otabek İmamovun nəzarətindədir.
