Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

A- A A+

Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının ölkə ilə bağlı genişlənmə hesabatını tənqid edib və sənəddəki faktiki qeyri-dəqiqliklərin, eləcə də yanlış qiymətləndirmələrin anti-Gürcüstan narrativlərini gücləndirdiyini bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Avropa Komissiyasının hesabatında xalqın böyük əksəriyyətinin səsverməsi ilə seçilmiş hökumətin dövlət idarəçiliyinin “dövlətin ələ keçirilməsi” kimi təqdim olunması qəbuledilməzdir. Nazirliyin mövqeyinə görə, seçilmiş hökumətin dövlət və seçiciləri qarşısında məsuliyyət daşıması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir.

Açıqlamada qeyd olunub ki, Avropa Komissiyası noyabrın 4-də genişlənmə siyasəti ilə bağlı birgə məlumat yayıb. Sənəddə Gürcüstan da daxil olmaqla, namizəd və potensial namizəd ölkələrin Avropa İttifaqına üzvlük istiqamətində səyləri qiymətləndirilib.

Nazirlik hesab edir ki, hesabat dövründə Avropa İttifaqı tərəfinin Gürcüstanla Assosiasiya Sazişində nəzərdə tutulan formatlarda heç bir səviyyədə görüş keçirməməsi ölkədəki irəliləyişin obyektiv qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb. Bəyanatda bu vəziyyət 27 iyun 2024-cü il tarixli Avropa Şurası qərarları ilə əsaslandırılan dialoqun dayandırılması ilə əlaqələndirilib.

Gürcüstanın Xarici İşlər Nazirliyi hesabatın faktiki qeyri-dəqiqlikləri və yanlış qiymətləndirmələri ilə anti-Gürcüstan narrativlərinin güclənməsinə şərait yaratmasından narahatlığını ifadə edib. Bildirilib ki, bu yanaşma Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv əməkdaşlıq və dialoq imkanlarını daraldır.

Bəyanatda, həmçinin hesabatın hüquqi məsələləri siyasiləşdirməyə, qanunun aliliyi prinsipini zəiflətməyə və Gürcüstanın daxili işlərinə müdaxiləyə şərait yaratdığı iddia olunub.

Xarici İşlər Nazirliyi Gürcüstan siyasətçilərinin müxtəlif aktorların ölkəyə qarşı hərəkətlərinə cavab olaraq səsləndirdikləri bəyanatların “düşmənçilik ritorikası” kimi qiymətləndirilməsini də ifadə azadlığı prinsipinə zidd hesab edib.

Nazirlik bildirib ki, Gürcüstan tərəfi hesabatı ətraflı araşdıracaq və Avropa Komissiyasına əsaslandırılmış şərhlər təqdim edəcək.

Bəyanatın sonunda Gürcüstan hökumətinin Avropa İttifaqı ilə qarşılıqlı hörmət prinsipi əsasında açıq və konstruktiv dialoqa hazır olduğu bir daha vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: