Fransada tələbələrlə həmkarlar ittifaqlarının iştirakı ilə yeni etiraz aksiyaları və tətillər keçirilir
Bu gün Fransada tələbələrin, məktəblilərin, həmkarlar ittifaqlarının və "Sarı jiletlilər" hərəkatı nümayəndələrinin iştirakı ilə kütləvi etirazlar və tətillər keçirilir.
NUHÇIXAN-ın məlumatına görə, aksiyalar Marsel, Lion, Tuluza, Tur və Paris də daxil olmaqla, Fransanın bir sıra şəhərlərini əhatə edib.
Paytaxtda nümayişin yerli vaxtla saat 14:00-da Respublika meydanından yola düşməklə keçirilməsi planlaşdırılıb.
Fransanın Ali Təhsil Nazirliyinin məlumatına görə, günortaya qədər ölkənin ali təhsil müəssisələrinin təxminən üçdə birində - 184 müəssisədən 60-da iş rejiminin pozuntusu qeydə alınıb.
Eyni zamanda, tələbə və məktəbli həmkarlar ittifaqları Fransanın təxminən 70 universitetinin 90 %-də səfərbərlik, eləcə də 3,7 min liseydən 1 minə yaxınının fəaliyyətinin dayandırılması barədə məlumat veriblər.
Marseldə səhər saatlarında başlayan nümayişdə məktəblilər, tələbələr, dokerlər, tibb işçiləri, vəkillər və mədəniyyət sektorunun nümayəndələri iştirak ediblər.
Etiraz aksiyalarının iştirakçıları təhsil şəraiti, əhalinin alıcılıq qabiliyyəti, dövlət xidmətlərinin qorunması, polis zorakılığı və ifrat sağçı qüvvələrin nüfuzunun artmasına qarşı mübarizə də daxil olmaqla, geniş spektrli məsələlərlə bağlı çıxış edirlər.
Tur şəhərində iştirakçılar etiraz hərəkatının fəallaşmasını həmçinin sentyabrın sonunda polisin rezin güllə atan silahdan istifadə etməsi nəticəsində bir məktəblinin gözünü itirdiyi insidentlə əlaqələndirirlər.
