Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından (“Brexit”) sonra tətbiq edilən əlavə gömrük prosedurları və bürokratik tələblər ölkə şirkətlərinə dörd il ərzində ən azı 7,7 milyard funt-sterlinqə başa gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Independent” nəşrinin yeni təhlilində bildirilir. Böyük Britaniyanın Vergi və Gömrük İdarəsinin rəsmi məlumatlarına əsasən, yalnız 2022-ci ildə idxal və ixrac üzrə gömrük bəyannamələrinin hazırlanması ilə bağlı inzibati xərclər 1,8 milyard funt-sterlinqi ötüb.
Hesablamalara görə, 2022–2025-ci illərdə ümumilikdə 160,4 milyon gömrük bəyannaməsi təqdim edilib. Hər bəyannamənin hazırlanması üçün orta hesabla 48 funt-sterlinq xərc nəzərə alındıqda, ümumi məbləğ ən azı 7,7 milyard funt-sterlinq təşkil edir.
“Brexit”dən sonra tətbiq edilən əlavə sənədləşmə tələbləri Aİ ilə ticarətin azalmasının əsas səbəblərindən biri kimi göstərilir. Britaniyanın tanınmış pərakəndə satış şirkəti “Marks & Spencer” (M&S) sənədlərin saxlanılması üçün ayrıca anbar icarəyə götürməyə məcbur olduğunu açıqlayıb.
Nəşrin daha əvvəl apardığı araşdırmaya görə, “Brexit” nəticəsində Britaniya şirkətləri üçün təxminən iki milyard əlavə sənəd hazırlanıb. Bu sənədlərin ümumi uzunluğunun Yer kürəsini 15 dəfə dövrə vurmağa kifayət edəcəyi bildirilir.
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin bu ayın sonlarında Aİ ilə kənd təsərrüfatı və ərzaq məhsullarının ticarətinə dair yeni saziş imzalayacağı gözlənilir. Lakin razılaşmanın yalnız müəyyən sahələrdə inzibati xərcləri azaldacağı, iqtisadiyyatın əksər sektorlarında isə əlavə bürokratik yükün qalacağı bildirilir.
