ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Brüsseldə Ukrayna ilə bağlı keçirilən danışıqları məhsuldar və məzmunlu adlandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Kuşnerin sözlərinə görə, ABŞ, Ukrayna, NATO və Avropa tərəfdaşları davamlı sülhün iki əsas istiqamətini – Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və Avropanın ümumi təhlükəsizlik arxitekturasını müzakirə ediblər.
O qeyd edib ki, məqsəd gələcək münaqişə risklərini azaltmaq üçün tərəflərin razılaşdırdığı praktiki tədbirlərin müəyyənləşdirilməsidir.
Kuşner, həmçinin bildirib ki, Vaşinqton Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlara hazırlıq çərçivəsində münaqişənin tərəfləri üçün ciddi təkliflər hazırlayır.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
