ABŞ-nin dəniz blokadası nəticəsində İranın neft ixracı, demək olar ki, tamamilə dayanıb. Müharibənin başa çatması ilə bağlı tərəflər arasında yaxın vaxtlarda razılaşmanın əldə olunması ehtimalı isə aşağı qiymətləndirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “FGE NexantECA” konsaltinq şirkətinin qiymətləndirməsində deyilir.
Bildirilir ki, Respublikaçılar Partiyasının aralıq seçkilərdə nümayiş etdirdiyi uğursuz nəticələr Tehranda ABŞ Prezidenti Donald Trampın siyasi mövqelərinin zəiflədiyi qənaətini formalaşdırıb. İran hazırda Ağ Evin qəbul etməsi mümkün olmayan tələblər irəli sürür. Hörmüz boğazının müvəqqəti olaraq yenidən açılmasını nəzərdə tutan razılaşma üzrə nəinki həll yolu var, vəziyyət hətta iyun ayında imzalanmış anlaşma memorandumundan əvvəlki vəziyyətlə müqayisədə daha çətin mərhələdədir. ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun qərar qəbul etmək üçün məhdud vaxtı olduğundan, İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı yüksəkdir.
İrana məxsus gündəlik cəmi 200-300 min barel neftin İraq vasitəsilə dünya bazarlarına çıxarıldığı bildirilir. Noyabrın sonuna doğru ölkənin maliyyə vəsaitindən məhrum qalacağı gözlənilir.
Neft tədarükünün, demək olar ki, tamamilə dayanması 8 aydan artıqdır davam edən müharibə fonunda Tehranı mühüm gəlir mənbəyindən məhrum edir. Münaqişədən əvvəl İranın sanksiyalara məruz qalan xam neftinin əsas alıcısı Çin idi. Xüsusilə güzəştli qiymətlərlə təklif olunan İran nefti Çində fəaliyyət göstərən müstəqil neft emalı zavodları tərəfindən yüksək tələbatla qarşılanırdı.
“Bloomberg”in gəmi izləmə məlumatları əsasında apardığı hesablamalara görə, sentyabr və ya oktyabr aylarında tankerlərə xam neft yüklənməsi qeydə alınmayıb. Beləliklə, sentyabr ayı fevralda başlayan müharibədən bəri tankerlərə İran neftinin yüklənmədiyi ilk ay olub.
