Böyük Britaniyada işəgötürənlərin vakansiya elanlarında əməkhaqqı barədə məlumatları açıqlamasını məcburi edən yeni qanunun qəbul edilməsi planlaşdırılır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Baş nazir Endi Börnhem şirkətləri qanunun qüvvəyə minməsini gözləmədən iş elanlarında maaşları göstərməyə çağırıb.
Hökumət bununla bağlı qanun layihəsini mümkün qədər tez təqdim etməyi planlaşdırır. Bildirilir ki, yeni qaydalar iş axtaran şəxslərin, xüsusilə əmək bazarına ilk dəfə daxil olan gənclərin daha məlumatlı qərar verməsinə və əməkhaqqı sahəsində ayrı-seçkiliyin qarşısının alınmasına kömək edə bilər.
“İstər əmək fəaliyyətinə yeni başlayan gənc, istərsə də ailəsini dolandırmağa çalışan valideyn olsun, işə müraciət etmək üçün vaxt və enerji sərf etməzdən əvvəl həmin işin nə qədər maaş təklif etdiyini bilməlidir”, – deyə Baş nazir bildirib.
Nazirlər Kabineti Aparatı yay aylarında əməkhaqqı şəffaflığı və ayrı-seçkiliyin azaldılması ilə bağlı ictimai məsləhətləşmələr keçirib. Hökumətin məlumatına görə, iştirakçıların 94 faizi iş elanlarında maaşların açıqlanmasını dəstəkləyib. Bununla belə, bəzi biznes nümayəndələri əməkhaqqının müəyyənləşdirilməsinin mürəkkəb proses olduğunu və iş elanlarının bu istiqamətdə tənzimlənməsinin hər zaman məqsədəuyğun olmadığını bildiriblər.
Qeyd edək ki, ötən həftə Böyük Britaniyanın bərabərlik məsələləri üzrə nəzarət qurumu işçilərin həmkarlarının nə qədər maaş aldığını öyrənmək üçün qanuni hüquqa malik olmasını təklif edib. Hökumət yeni təşəbbüsü təhsil almayan, işləməyən və peşə hazırlığında iştirak etməyən bir milyona yaxın gəncin sayını azaltmaq istiqamətində görülən tədbirlərin bir hissəsi kimi qiymətləndirir.
