BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir

A- A A+

Dünyada qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş şəxslərin ümumi sayının təxminən dörddə üçünü təşkil edən, yəni təqribən 90 milyon insan yüksək iqlim risklərinə məruz qalan ölkələrdə yaşayır. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Türkiyədə keçiriləcək COP31 iqlim konfransı ərəfəsində dərc olunan hesabatında bildirilir.

NUHÇIXAN  “Reuters” agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına görə, münaqişələr, zorakılıq və təqiblər səbəbindən evlərini tərk edən insanlar çox vaxt quraqlıq, daşqın və kəskin istilərdən əziyyət çəkən ərazilərdə məskunlaşırlar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qeyd edir ki, iqlim dəyişikliyi köçkün vəziyyətinə düşmüş şəxslərin öz vətənlərinə qayıtmasını çətinləşdirir. 2026-cı ilin birinci yarısında evlərinə qayıdan qaçqınların üçdə ikisindən çoxu iqlim təhdidlərinə qarşı həssas olan ölkələrə üz tutub.

Xüsusilə, köçkün vəziyyətinə düşmüş təxminən 4 milyon şəxsin qayıtdığı Suriyada yeraltı su ehtiyatlarının azalması və iqlim dəyişiklikləri nəticəsində baş verən kəskin hadisələr bərpa işlərinə mane olur. May ayında Fərat çayı boyunca baş verən daşqınlar yaşayış evlərinə ziyan vurub və minlərlə insanı yenidən evlərini tərk etməyə məcbur edib.

Hesabata əsasən, son on ildə hava şəraiti ilə əlaqədar baş vermiş təbii fəlakətlər ölkə daxilində 255 milyondan çox insanın məkanlarını dəyişməsinə səbəb olub. Bu, gündə orta hesabla təxminən 70 min nəfər deməkdir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, həmçinin xəbərdarlıq edir ki, 2050-ci ilədək Sahara regionundan cənubda yerləşən Afrika ölkələrində qaçqınların məskunlaşdığı ərazilərin üçdəbiri hər il ən azı 100 gün təhlükəli istilərə məruz qala bilər.

Təşkilatın qiymətləndirmələrinə görə, El-Ninyo hadisəsi ilə bağlı güclü daşqınlar 2026-cı ilin sonunadək Somali, Keniya, Cənubi Sudan və Uqandada 3 milyonadək insanı evlərini tərk etməyə məcbur edə bilər.

Bununla yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, dünyada iqlim maliyyələşdirilməsinin təxminən 10 faizi qeyri-sabit ölkələrə və münaqişələrdən zərər çəkən dövlətlərə yönəldilir.

Təşkilat COP31 çərçivəsində hökumətləri və beynəlxalq maliyyə institutlarını milli iqlim planlarının hazırlanması və maliyyə vəsaitlərinin bölüşdürülməsi zamanı qaçqın və köçkünlərin ehtiyaclarını nəzərə almağa çağırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: