Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib
Fransa Polineziyası (Maohi Nui) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib.
Bu barədə NUHÇIXAN-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Bildirilib ki, 2026-cı il noyabrın 5-də qəbul edilən bu tarixi sənəd, Maohi Nui yerli xalqının quru və dəniz ərazilərində, eləcə də 5,5 milyon kvadratkilometrlik nəhəng müstəsna iqtisadi zonada (MİZ) yerləşən bütün ayrılmaz hüquqlarını rəsmən qoruma altına alır. Tavini Huiraatira hərəkatının çoxillik siyasi mübarizəsi nəticəsində əldə olunan bu qələbə, regionun iqtisadi və siyasi müstəqilliyi yolunda atılmış ən böyük addımdır.
Qətnamədə Polineziya xalqının hüquqlarını təsbit edən və Fransa Polineziyası nümayəndə heyətinin BMT Baş Assambleyasında öz resurslarını müdafiə etməsi üçün güclü hüquqi əsas yaradan strateji bəndlər yer alıb. Sənədə əsasən, Mā'ohi Nui xalqının öz torpaqları, laqunları, hava məkanı, dəniz dibi və okean ərazilərindəki bütün təbii sərvətlərə sahib olmaq, onlara nəzarət etmək və sərəncam vermək hüququ yenidən təsdiqlənir. Bölgənin MİZ-inə daxil olan dəniz dibi faydalı qazıntıları, metallar və bioloji resurslar üzərində tam suverenlik elan edilir və Fransa dövlətinin bu resursları birtərəfli qaydada istismar etmə iddiaları rədd edilir. Qətnamədə Fransanın 1966-1996-cı illərdə bölgədə apardığı nüvə sınaqlarının ətraf mühitə və əhalinin sağlamlığına vurduğu ağır zərərlər diqqətə çatdırılır, rəsmi Parisdən ədalətli kompensasiya ödənilməsi tələb olunur. İdarəedici dövlət olan Fransaya, BMT qətnamələrinə uyğun olaraq bölgənin müstəqillik prosesində beynəlxalq missiyalarla əməkdaşlıq etməsi üçün birbaşa çağırış edilir.
Qətnamənin qəbul edilməsi təşəbbüsü Tavini Huiraatira hərəkatının sədri və Fransa Polineziyasının keçmiş prezidenti Oskar Manutahi Temaruya məxsusdur. O, 2025-ci il dekabrın 3-də müvafiq qətnamə layihəsini Fransa Polineziyası Assambleyasına təqdim edib. Layihə dekabrın 5-də Assambleyanın institusional, beynəlxalq məsələlər və bələdiyyələrlə əlaqələr komissiyasında müzakirə olunaraq üzvlərin əksəriyyətinin dəstəyini qazanıb. Sənədin məruzəçiləri Tevaipaea Hoiore və Allen Salmon olub.
Tavini Huiraatira qətnaməni dəstəkləyən bütün deputatlara təşəkkürünü bildirərək siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanı yüksək qiymətləndirib və qeyd edib ki, okean və onun sərvətləri Maohi xalqının tarixi irsi və gələcəyidir. Bu sərvətlərə dair qərar qəbul etmək hüququ yalnız həmin xalqa məxsus olmalıdır.
Xatırladırıq ki, Bakı Təşəbbüs Qrupu Maohi xalqının öz müqəddəratını təyinetmə hüququnun və təbii sərvətləri üzərində suverenliyinin beynəlxalq səviyyədə müdafiəsini ardıcıl olaraq dəstəkləyir. BTQ Tavini Huiraatira hərəkatı ilə əməkdaşlıq çərçivəsində bu məsələlərin beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində gündəmə gətirilməsinə töhfə verib.
