İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

A- A A+

İngiltərə Bankının keçmiş baş iqtisadçısı Endi Holdeyn Böyük Britaniya hökumətinin iqtisadi siyasətini sərt tənqid edərək ölkənin ciddi maliyyə böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Holdeyn “The Independent” qəzetində dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, Baş nazir Endi Börnhemin büdcə siyasəti çərçivəsində dövlət borclanması xərclərini azaltmaq üçün lazımi tədbirlər görməməsi ölkə iqtisadiyyatında ciddi sarsıntılara səbəb ola bilər.

Keçmiş baş iqtisadçı vəziyyəti tibbi terminlərlə müqayisə edərək Böyük Britaniya iqtisadiyyatının “infarkt” keçirmək təhlükəsi ilə üzləşdiyini vurğulayıb. O, hökumət başçısının iqtisadi qərarlarını məsuliyyətsiz adlandıraraq bildirib ki, bu cür yanaşma nümayiş etdirən şəxs həkim olsaydı, səhlənkarlığa görə peşə fəaliyyətindən uzaqlaşdırılardı.

İyul ayında Endi Börnhem Baş nazir vəzifəsinə gəldikdən sonra ona iqtisadi siyasət məsələlərində qeyri-rəsmi məsləhətlər vermiş Holdeyn ölkənin dövlət maliyyəsinin son dərəcə həssas vəziyyətdə olduğunu qeyd edib. Onun fikrincə, büdcə göstəricilərinin əksəriyyəti ciddi risklərdən xəbər verir.

Holdeyn, həmçinin Baş nazirin dövlət xərclərinin kəskin azaldılmasına qarşı çıxmasını tənqid edib. O bildirib ki, hökumətin hazırkı siyasəti 2022-ci ildə Liz Trassın büdcə qərarlarından sonra yaranmış maliyyə qeyri-sabitliyinin təkrarlanması riskini artırır. Keçmiş baş iqtisadçının fikrincə, belə bir ssenari xüsusilə aztəminatlı əhali qrupları üçün ağır iqtisadi nəticələrə səbəb ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: