Avropanın gələcəyi faciəlidir

A- A A+

Avropa İttifaqı (Aİ) qlobal təsirini və iqtisadi çəkisini gündən-günə itirərək sürətlə tənəzzülə doğru irəliləyir. Brüssel isə mövcud vəziyyəti düzəltməkdə aciz görünür və bu istiqamətdə konkret fəaliyyət planına malik deyil.

NUHÇIXAN  xəbər verir ki, son aylarda Avropanı bürüyən kütləvi etirazlar heç də təsadüfi xarakter daşımır. Bu etirazlar illər ərzində yığılıb qalmış, lakin həlli istiqamətində lazımi addımlar atılmamış problemlərin nəticəsidir. Ekoloji siyasətini bütün dünyaya tətbiq etməyə çalışan Avropanın hazırda dünya üzrə Günəş panelləri istehsalındakı payı cəmi 1 faiz təşkil edir ki, bu da Çin və ABŞ-nin göstəricilərindən xeyli aşağıdır.

Fransada nəşr olunan “Valeurs Actuelles” jurnalı yazır ki, Avropa ciddi demoqrafik problemlə üz-üzədir. BMT-nin proqnozlarına görə, hazırda Yer kürəsinin əhalisi 8,17 milyard nəfərdir. 2050-ci ildə bu rəqəmin artaraq 9,67 milyarda çatacağı gözlənilir. Beləliklə, növbəti 25 il ərzində dünya əhalisinin sayı təxminən 1,5 milyard nəfər artacaq. Avropada isə əks proses müşahidə olunacaq: bu müddət ərzində əhalinin sayının 745 milyondan 703 milyona qədər azalacağı proqnozlaşdırılır.

2006-2025-ci illərdə dünya iqtisadiyyatı ildə orta hesabla 3,3 faiz artıb. 2026-2035-ci illərdə isə bu göstəricinin təxminən 3 faiz olacağı gözlənilir. Avrozonanın iqtisadi artımı son onillikdə cəmi 1 faiz təşkil edib. Qarşıdakı onillikdə də təxminən eyni səviyyədə artım proqnozlaşdırılır ki, bu da olduqca aşağı göstəricidir. Nəticədə, növbəti 10 ildə Avropanın iqtisadi inkişaf tempinin Çin və ABŞ ilə müqayisədə xeyli geridə qalacağı gözlənilir.

Aİ bəyan etdiyi prioritetlərin heç birinə nail ola bilməyib, əksinə, bir çox istiqamətlərdə geriləyib. Ekoloji problemlərin həlli, rəqəmsallaşma, süni intellektin inkişafı və digər strateji sahələrdə nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.

Bütün bunların əsas səbəblərindən biri Avropaya rəhbərlik edən siyasi liderlərin müstəqil düşüncə və idarəçilik səriştəsinin yetərli olmamasıdır. Populist çıxışlar, reallıqdan uzaq vədlər Avropanı uçurumun kənarına gətirib çıxarıb.

Hələ 2024-cü ildə Almaniya parlamentinin deputatı Rene Şprinqer plenar iclasda çıxış edərək Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni kəskin tənqid edərək onu Avropanı dağıtmaqda ittiham etmişdi. Deputat diqqətə çatdırmışdı ki, Ursula Fon der Lyayen və Avropa institutlarına rəhbərlik edən digər şəxslər Avropanın deyil, transmilli korporasiyaların maraqlarını müdafiə etməklə məşğuldurlar.

Onun fikrincə, Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin başlamasına imkan verməməli idilər. Bunun üçün həm siyasi-diplomatik, həm də hərbi imkanlar mövcud idi. Lakin siyasi ambisiyalar və korporativ qrupların maraqları müharibənin başlanmasına rəvac verdi. Bu gün isə Ukraynaya milyardlarla vəsait ayrılır və bunun iqtisadi yükünü avropalılar öz üzərlərində hiss edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: