Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

A- A A+

Ermənistan üzvlük haqları üzrə borcunu ödədikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində tamhüquqlu iştirakını bərpa edə və yenidən öz nümayəndələrini təşkilatın orqanlarına göndərə biləcək.

NUHÇIXAN xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov təşkilatın Moskvada keçirilən sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

Baş katibin bildirdiyinə görə, sammitdə Ermənistanın təşkilatdan çıxarılması məsələsinə baxılmayıb. O əlavə edib ki, borcun ödənilməsi barədə qərar ölkə rəhbərliyinin səlahiyyətindədir.

“Ermənistan son üç il ərzində üzvlük haqlarını ödəməyib”, – deyə Baş katib qeyd edib. Onun sözlərinə görə, həmin müddət ərzində Ermənistan KTMT Katibliyinə və Birləşmiş Qərargahına da əməkdaşlar göndərməyib. Bu ölkənin nümayəndələri iclaslara qatılsalar da, müzakirələrdə iştirak etməyiblər.

Kremlin sammitdə imzalanmış sənədlərin siyahısına daxil etdiyi qərarlar arasında KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi barədə qərar da yer alıb. Həmin sənədə əsasən, iki il ərzində təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən dövlət borcunu tam ödəyənədək səsvermə hüququndan və kvota üzrə vəzifələrə öz nümayəndələrini irəli sürmək imkanından məhrum edilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: