ABŞ Rusiyadan Avropa ilə gələcək təhlükəsizlik sazişinə dair yeni təklif hazırlamağı istəyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla bildirib.
Məlumata görə, Vaşinqtonun təşəbbüsü Ukraynada müharibənin başa çatdırılmasına dair daha geniş razılaşmanın bir hissəsidir. ABŞ tərəfi Moskvadan öz təhlükəsizlik tələbləri ilə yanaşı, Avropada gərginliyin azaldılması və gələcək hərbi qarşıdurmaların qarşısının alınması üçün atmağa hazır olduğu addımları da təqdim etməsini istəyib.
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff noyabrın 12-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu məsələni müzakirə edəcəklər. Vaşinqton, həmçinin Avropa nümayəndələrinin Rusiya-Ukrayna sülh danışıqlarına qoşulmasına çalışır.
Mənbələrin bildirdiyinə görə, ABŞ Avropa ölkələrinin və Ukraynanın razılığı olmadan Rusiya ilə təhlükəsizlik sazişi imzalamayacaq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə belə bir sazişin yalnız Ukraynada müharibə başa çatdıqdan sonra müzakirə oluna biləcəyini deyib.
