Rusiyanın “Gazprom” enerji şirkəti qlobal enerji istehlakının artmaqda davam edəcəyini və təbii qazın dünyanın müxtəlif regionlarında enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında getdikcə daha mühüm rol oynayacağını bildirib.
NUHÇIXAN xəbər verir ki, şirkətə görə, cari ildə qlobal enerji bazarlarında siyasi qərarların səbəb olduğu proseslər əhəmiyyətli təsir göstərib. Bildirilib ki, mayeləşdirilmiş təbii qaz (LNG) və neftin ənənəvi nəqli marşrutlarında yaranan fasilələr enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Eyni zamanda, karbonsuzlaşdırma və bərpaolunan enerji mənbələrinə keçidlə bağlı hədəflər ikinci plana keçib.
Açıqlamada Avropanın qalıq yanacaqlardan imtina siyasətinin səmərəsiz olduğu iddia edilib. Qeyd olunub ki, boru kəmərləri vasitəsilə nəql edilən təbii qaz əvəzinə LNG-yə və hava şəraitindən asılı olan bərpaolunan enerji mənbələrinə üstünlük verilməsi qaz qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Həmçinin Avropada yeraltı təbii qaz anbarlarının doluluq səviyyəsinin qazın anbardan çıxarılması mövsümünün əvvəlində tarixi minimuma endiyi vurğulanıb. Bunun regionun xarici mənbəli böhranlar qarşısında həssaslığını artırdığı bildirilib.
Açıqlamada qlobal enerji istehlakının uzunmüddətli perspektivdə artmaqda davam edəcəyi və bunun təbii qazın etibarlı enerji təchizatının təmin edilməsində əhəmiyyətini daha da artıracağı qeyd olunub.
Bildirilib ki, 2050-ci ilədək qlobal təbii qaz tələbatının təxminən 70 faizinin Qlobal Cənub ölkələrinin payına düşəcəyi gözlənilir. İstehlakda ən böyük artımın Çində qeydə alınacağı proqnozlaşdırılır. Eyni zamanda, Rusiyadan Çinə boru kəmərləri vasitəsilə təbii qaz nəqlinin hər il artdığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, “Gazprom” Qazaxıstan, Özbəkistan və Qırğızıstanla enerji sahəsində əməkdaşlığını genişləndirir, adıçəkilən ölkələr isə Rusiyadan təbii qaz idxalını artırırlar. Şirkət daxili və xarici bazarlara qaz tədarükünün etibarlılığını təmin etmək məqsədilə istehsal infrastrukturunun inkişafını da davam etdirir.
Açıqlamada, həmçinin 2026-cı ildə baş verən proseslərin qlobal enerji bazarlarının uzunmüddətli perspektivinə təsirinin “Gazprom”un İcraiyyə Komitəsində müzakirə edildiyi və məsələnin şirkətin Direktorlar Şurasının baxışına təqdim olunacağı bildirilib.
