Süni intellekt kibertəhlükəsizlik sahəsində daha mürəkkəb hücumların hazırlanmasına şərait yarada bilər.
NUHÇIXAN xəbər verir ki, bunu “Microsoft”un Fransa üzrə keçmiş rəhbəri Kristof Olnett deyib.
“Microsoft Outlook” elektron poçt xidmətində genişmiqyaslı nasazlıq dünyanın 74 ölkəsində, o cümlədən Fransada milyonlarla istifadəçiyə təsir göstərib. “Microsoft Teams” və süni intellekt köməkçisi “Copilot” kimi digər tətbiqlərin xidmətlərində də problemlər yaranıb.
“Microsoft” problemin aradan qaldırılması üçün bu gün görülən tədbirlərin gözlənilən nəticəni vermədiyini açıqlayıb. Şirkət infrastrukturun həddindən artıq yüklənməsi ilə əlaqədar yaranan nasazlığı aradan qaldırmaq üçün alternativ həll yolları axtardığını bildirib.
“Microsoft France” şirkətinin 1988–2005-ci illərdə prezidenti olmuş Kristof Olnett “Franceinfo” radiosuna müsahibəsində baş verənlərin müasir dünyanın qarşılıqlı rəqəmsal asılılığından qaynaqlanan boşluqları üzə çıxardığını vurğulayıb. Onun sözlərinə görə, rəqəmsal sistemlərin bir-birinə bağlılığı qlobal miqyasda ciddi fəsadlara səbəb ola biləcək həssas nöqtələr yaradır.
Olnett “Outlook” sisteminə qarşı mümkün kibertəhlükə barədə konkret məlumata malik olmadığını qeyd etsə də, süni intellektin daha mürəkkəb kiberhücumların hazırlanmasına imkan yarada biləcəyini istisna etməyib. O, həmçinin “Microsoft”un böhranla bağlı açıqlamalarını tənqid edərək, şirkətin kommunikasiya siyasətini qeyri-mütəşəkkil adlandırıb və yaranmış vəziyyət qarşısında müəyyən çaşqınlıq nümayiş etdirdiyini bildirib.
