ABŞ-nin bütün hava limanlarından uçuşların bir neçə saatlıq təxirə salınmasına səbəb olan avadanlıq nasazlığı kiberhücum deyil, texniki səhv nəticəsində baş verib.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ-nin nəqliyyat naziri Şon Daffi keçirdiyi mətbuat konfransında bildirib.
"Çoxlu suallar var idi: bu, kiberhücum idimi? Başqa bir ölkə bu şəbəkəyə hücum edibmi? Cavab budur ki, biz belə düşünmürük", – deyə o vurğulayıb. Ş.Daffi aydınlıq gətirib ki, müvafiq qurumlar kiberhücum və ya hər hansı xarici müdaxilə ilə bağlı heç bir əlamət aşkar etməyiblər: "Bunun ümumiyyətlə kiberhücum olduğuna inanmırıq. Bu, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemində yaranmış nasazlıq idi".
Nazirin sözlərinə görə, FAA-nın ucqar müəssisələrindən birində əməkdaş rabitə xəttini dəyişdirmək üçün müntəzəm texniki xidmət işləri aparıb. Belə ki, "L3Harris" şirkəti mis kabeli fiber-optik kabellə əvəz edirmiş. Ş.Daffi qeyd edib ki, ya əvəzləmə prosesi düzgün aparılmayıb, ya da bu zaman nasaz marşrutlaşdırıcı (router) quraşdırılıb ki, bu da genişmiqyaslı kəsintiyə gətirib çıxarıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
Nazir uçuşların idarə edilməsi avadanlıqlarının artıq tam işlək vəziyyətdə olduğunu desə də, reyslərdə əlavə gecikmələrin və ləğvlərin mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, noyabrın 13-də Federal Aviasiya Administrasiyası uçuşları idarəetmə avadanlıqlarındakı nasazlıq səbəbindən ölkə daxilindəki bütün hava limanlarından uçuşları təxminən 4,5 saatlıq dayandırmışdı.
