Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısı noyabrın 18-19-da Çinin Quandon əyalətinin Şencen şəhərində keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, illik toplantıda 12 lider – Çin, ABŞ, Rusiya, Avstraliya, Kanada, Çili, İndoneziya, Cənubi Koreya, Malayziya, Meksika, Tailand, Vyetnam və Çinin Honkonq xüsusi inzibati ərazisinin lideri qatılacaq.
Çin tərəfi açıqlıq, innovasiya və əməkdaşlığı “APEC Çini ili”nin prioritetləri elan edib, zirvə toplantısının “Birlikdə tərəqqi üçün Asiya-Sakit okean cəmiyyəti quraq” devizi altında keçiriləcək. Bu, Çinin APEC sammitinə 3-cü ev sahibliyi olacaq. Təşkilatın 2001-ci ildəki sammiti Şanxayda, 2014-cü ildə isə Pekində keçirilib. Bu dəfəki zirvə toplantısının önəmli məqamlarından biri dünya ictimaiyyətinin maraqla gözlədiyi ABŞ, Çin və Rusiya liderlərinin tarixdə ilk üçtərəfli görüşünün məhz APEC sammiti çərçivəsində keçirilməsi olacaq.
Qeyd edək ki, APEC Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzvün təşkil etdiyi forumdur. Onun təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, habelə Çinin Honkonq xüsusi inzibati ərazisi və Tayvan adası da daxildir. APEC-in üzvü olan tərəflər qlobal ümumi daxili məhsulun 60 faizini təmin edir. APEC-in ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirilir. Sonuncu sammit keçən il oktyabrın sonu və noyabrın əvvəlində Cənubi Koreyanın Kyoncu şəhərində keçirilib.
