ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

A- A A+

ABŞ hakimiyyəti ölkənin uçuşlara nəzarət sisteminin yenilənməsi layihəsini hazırlayıb. Zəruri maliyyə vəsaiti dərhal ayrılacağı təqdirdə layihənin 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində tamamlana biləcəyi bildirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, sabitliyi təmin edəcək telekommunikasiya sisteminin arxitekturası hazırdır və yeganə ehtiyac olan maliyyədir. Ş.Daffi qeyd edib ki, Konqresin ötən il nazirliyə ayırdığı 12,5 milyard dollar vəsait dispetçer qüllələrindəki avadanlıqların təkmilləşdirilməsi üçün nəzərdə tutulub, lakin bu vəsait yeni rabitə arxitekturası qurmaq və ya 1990-cı illərə aid proqram təminatını yeniləmək üçün kifayət deyil.

Nazir daha əvvəl köhnəlmiş uçuş idarəetmə sisteminin əvəzlənməsi üçün ümumilikdə 50 milyard dollar tələb olunduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də hava hərəkətinin idarə edilməsi mərkəzlərində baş verən rabitə nasazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı. Son 25 ilin ən uzunmüddətli fasiləsi nəticəsində cümə və şənbə günləri 10 mindən çox reys ləğv edilmişdi. Hadisəyə köhnəlmiş sistemin səbəb olduğu açıqlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: