ABŞ Dövlət Departamentinin məlumatına görə, Birləşmiş Ştatlar və doqquz tərəfdaş ölkə bazar günü süni intellektin (AI) əsasını təşkil edən kritik texnologiyaların və təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirmək üçün saziş imzalayıb.
NUHÇIXAN ABŞ Dövlət Departamentinin veb-saytına istinadla xəbər verir ki, “Dayanıqlı rifahın təhlükəsiz təməlləri haqqında” San-Fransisko Bəyannaməsini ABŞ, Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya imzalayıb.
ABŞ-nin rəhbərlik etdiyi “Pax Silica” təşəbbüsü çərçivəsində imzalanan saziş nəqliyyat şəbəkələri, rəqəmsal platformalar, enerji infrastrukturu və logistika da daxil olmaqla qabaqcıl AI sistemlərinin inkişafı üçün lazım olan həssas texnologiyaları və kritik infrastrukturu qorumağı hədəfləyir.
Bəyannamədə iqtisadi təhlükəsizliyin milli maraqlar üçün əsas olduğu vurğulanır və şaxələndirilmiş, etibarlı təchizat zəncirləri vasitəsilə həddindən artıq asılılıqların azaldılmasına çağırılır.
İştirakçılar, həmçinin innovasiya siyasəti, AI-nin tətbiqi, təchizat zənciri əməkdaşlığı və təhlükəsizlik üzrə işçi qrupları yaratmaq barədə razılığa gəliblər.
ABŞ Dövlət Departamenti bildirib: “Heç bir dövlət süni intellekt dövrünün təməllərini təkbaşına təmin edə bilməz”.
“Financial Times” qəzetinin ABŞ-nin dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqə istinadla verdiyi məlumata görə, Almaniya, İsveç, Niderland və Avropa Komissiyasının gələn həftə bəyannaməni imzalayacağı gözlənilir.
Razılaşma ABŞ-Çin ticarət gərginliyi fonunda Çinin Şençjen şəhərində keçiriləcək 33-cü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) iqtisadi liderlərinin sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çinini Sədri Si Cinpin və Rusiya lideri Vladimir Putin arasında cümə axşamı planlaşdırılan üçtərəfli görüşdən əvvəl imzalanıb.
