ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” gələn il neft bazarının qiymətlərin aşağı düşməsinə səbəb olacaq kifayət qədər böyük təklif artıqlığı ilə üzləşəcəyini proqnozlaşdırır.
NUHÇIXAN xəbər verir ki, analitiklər xam neft hasilatının son istehlak tələbindən artıq olan həcminin 2027-ci ildə gündəlik 2 milyon barelə çatacağını gözləyirlər. Bununla belə, tədarükdə yaranacaq fasilələr bu həcmin təxminən yarısı qədər olacaq.
Analitiklərin proqnozuna görə, “Brent” markalı xam neftin fyuçers qiyməti gələn il orta hesabla bir barel üçün 88 dollar təşkil edəcək, risk mükafatının tədricən normallaşması nəticəsində isə ilin sonuna doğru 78 dollara qədər azalacaq.
Bu il qlobal xam neft bazarı əvvəlcə Körfəz regionunda hasilatı demək olar ki, dayandıran ABŞ-İran müharibəsi səbəbindən ciddi sarsıntılarla üzləşib. Lakin tədarükçülər alternativ ixrac marşrutlarından istifadə etməklə Hörmüz boğazı vasitəsilə neft axınını yenidən bərpa edə biliblər.
“2027-ci ildə də tədarükdə fasilələrin yaranması ilə bağlı yüksək risklər və bazarın artan uyğunlaşma imkanları arasında mübarizənin davam edəcəyini gözləyirik. Əsas ssenarimizə görə, tankerlər arasında neftin bir gəmidən digərinə ötürülməsi və boru kəmərlərinin genişləndirilməsi hesabına uyğunlaşma prosesi davam edəcək. Nəticədə Yaxın Şərqdə neft tədarükü 2025-ci ilin orta göstəricisini üstələyəcək, digər regionlarda isə təklif artımı dayanacaq”, - deyə “Goldman Sachs”ın analitikləri bildiriblər.
Beynəlxalq Enerji Agentliyi ötən həftə münaqişənin başlanmasından sonra ilk dəfə qlobal neft bazarında təklif artıqlığının yaranacağını açıqlayıb.
Kəskin qiymət dəyişmələrindən sonra “Brent” markalı neft hazırda bir barel üçün təxminən 96 dollar səviyyəsində ticarət olunur. Bu ilin aprel ayında bir barelin qiyməti 126 dolları ötərək 2022-ci ildən bəri gün ərzində qeydə alınan ən yüksək səviyyəyə çatmışd. İlin əvvəlindən etibarən isə “Brent” markalı neftin orta qiyməti təxminən 91 dollar olub.
Analitiklər qeyd ediblər ki, Körfəz ölkələrinin Hörmüz boğazından yan keçərək nefti birbaşa Oman körfəzinə, Qırmızı dənizə və ya Aralıq dənizinə nəql etməyə imkan verən boru kəmərlərinə investisiya yatırması nəticəsində gələn il ərzində gündəlik 3,8 milyon barel əlavə boru kəməri gücünün istifadəyə veriləcəyi gözlənilir.
Ekspertlərin fikrincə, dünyanın ən böyük xam neft idxalçısı olan Çinin tələbi qiymətləri dəstəkləmək üçün kifayət etməyəcək.
