Süni intellekt şirkəti “Anthropic” bu həftə 1,4 trilyon dollarlıq qiymətləndirmə hədəfi ilə ilkin kütləvi səhm təklifinə (IPO) hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, şirkət və bəzi investorları IPO və ayrıca özəl səhm yerləşdirməsi vasitəsilə ümumilikdə 90,4 milyard dollaradək vəsait cəlb etməyi planlaşdırır. Əməliyyat bu həcmə çatarsa, tarixdə ən böyük IPO həyata keçirilmiş olacaq.
Mənbələrin bildirdiyinə görə, təklif olunan səhmlərə investor tələbi satışa çıxarılan həcmi təxminən 7 dəfə üstələyib. İnvestor marağının eyni mərhələdə “SpaceX”in IPO-suna göstərilən tələbdən xeyli yüksək olduğunu bildirilib.
“Nvidia” çiplərinin ən böyük istifadəçilərindən biri olan “Anthropic”in IPO-su süni intellekt sektorunda gəlir əldə etmək və mənfəətlilik məsələləri ilə bağlı müzakirələri də gündəmə gətirir. “Wall Street”in diqqətini çip və infrastruktur investisiyalarından bu texnologiyalardan istifadə edərək gəlir əldə edən şirkətlərə yönəltməsi “Anthropic”in fəaliyyət nəticələrini sektor üçün mühüm göstəriciyə çevirir.
IPO-nun “Nvidia”nın baş icraçı direktoru Censen Huanın ayrılmasından sonra “Anthropic”in rəhbəri Dario Amodei üzərindəki gözləntiləri də artıracağı proqnozlaşdırılır.
“Goldman Sachs”ın analitiklərinin hesablamalarına görə, “Anthropic”in illik hesablamada müsbət sərbəst pul axınına yalnız 2030-cu ilə qədər nail olması gözlənilir. Şirkətin 2045-ci ilədək hesablama resursları və infrastruktur xərcləri ilə bağlı öhdəlikləri isə 900 milyard dolları ötür.
“Anthropic”in oktyabrın 31-nə olan illikləşdirilmiş gəliri sentyabrın sonu ilə müqayisədə 10 milyard dollar artaraq 81 milyard dollara çatıb. Şirkətin son 12 ay ərzində ən azı 100 min dollar xərcləyən 11 min 900-dən çox müştərisi var. Ən azı 10 milyon dollar xərcləyən müştərilərin sayı isə 250-yə çatıb.
Analitiklər “Anthropic”in süni intellekt ekosisteminin sağlamlığını qiymətləndirmək üçün ən yaxşı göstəricilərdən biri ola biləcəyini bildirirlər Şirkətin süni intellekt texnologiyalarından gəlir əldə etmək imkanları ilə bağlı verəcəyi mesajlar Censen Huanın “Nvidia”dan ayrılmasından sonra ən azı şirkətin göstəriciləri qədər əhəmiyyətli olacaq.
