İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanında püskürmə qeydə alınıb. Nəticədə kül tullantıları vulkanın zirvəsindən 300 metr hündürlüyə yüksəlib.
NUHÇIXAN Antara agentliyinə istinadla xəbər verir ki, bu barədə Dukono Vulkanını Müşahidə Məntəqəsinin əməkdaşı Bambanq Suqiono məlumat verib.
Onun sözlərinə görə, püskürmə 30 millimetr amplituda ilə qeydə alınıb və 44,91 saniyə davam edib.
Seysmik müşahidələr zamanı, həmçinin 7 aşağı tezlikli və 3 uzaq tektonik zəlzələ qeydə alınıb. Davamlı vulkanik titrəyişlərin amplitudası 1-3 millimetr arasında dəyişib.
Bildirilib ki, Dukono vulkanının aktivlik səviyyəsi II dərəcədə qalır.
Səlahiyyətli qurumlar yerli sakinlərə, eləcə də turistlərə Malupanq Variranq kraterinə 4 kilometr radiusda yaxınlaşmamağı, ərazidə hər hansı fəaliyyət və yürüşlərdən çəkinməyi tövsiyə ediblər.
Əhaliyə, həmçinin küləyin istiqaməti və sürətinin dəyişməsi nəticəsində yayıla bilən vulkanik küldən qorunmaq üçün maskalardan və ya burun-ağız qoruyucularından istifadə etmək tövsiyə olunub.
