Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Asiya ölkələrində atom elektrik stansiyalarının (AES) tətbiqi məqsədilə Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq memorandumu imzalamaq üzərində işləyir.
NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava Filippinin paytaxtı Manilaya səfər çərçivəsində ADB-nin prezidenti Masato Kanda ilə görüşündə AES məsələsi müzakirə olunacaq. Medianın məlumatına görə Filippin, Vyetnam və Asiyanın digər ölkələrində AES-lərin tikintisi məsələsi nəzərdən keçirilir. Bu layihələr üçün nəzərdən keçirilən variantlar arasında yeni nəsil kiçik nüvə reaktorları da var.
Asiya İnkişaf Bankı ötən il AES layihələrini maliyyələşdirməməklə bağlı siyasətini dəyişərək, üzv ölkələrə atom elektrik stansiyalarının tətbiqi üçün dəstək göstərməyə icazə verib.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi regionun böyümə ehtimalı olan nüvə enerjisi bazarına yapon şirkətlərinin daxil olmasına kömək etməyi hədəfləyir.
