Lordlar Palatası: Böyük Britaniya fövqəladə hallara və müasir təhlükələrə qarşı kifayət qədər hazırlıqlı deyil
Böyük Britaniya kiberhücumlar, ekstremal hava şəraiti və digər fövqəladə hallarla mübarizəyə hazırlıqsızdır.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Britaniya parlamentinin Lordlar Palatasının Milli Dayanıqlılıq Komitəsinin dərc etdiyi hesabatda bildirilib.
Hesabatda hökumətə mövcud təhlükələr barədə ictimaiyyətlə daha açıq və birbaşa danışmaq, mümkün risklərin miqyasını gizlətməmək tövsiyə olunub. Komitə, həmçinin növbəti altı ay ərzində ölkənin fövqəladə hallara hazırlığı və böhranlara davamlılığı məsələlərinə cavabdeh olacaq ayrıca nazirin təyin edilməsinə çağırıb. Bildirilib ki, mövcud idarəetmə mexanizmləri bu sahədə qarşıda duran vəzifələrin həlli üçün kifayət qədər yüksək səviyyəli siyasi rəhbərliyi təmin etmir. Lordlar Palatasının üzvləri müasir təhlükələrin bir-biri ilə əlaqəli olduğunu və bir böhranın qısa müddətdə digər sahələrə də təsir göstərə biləcəyini vurğulayıblar.
Hesabatda ərzaq və dərman ehtiyatlarının məhdud olmasının qlobal təchizat zəncirlərində yarana biləcək fasilələr qarşısında ölkəni ciddi risklərlə üz-üzə qoyduğu qeyd edilib. Komitənin sədri, baronessa Cin Kazins bildirib ki, kiberhücum qısa müddətdə elektrik enerjisinin kəsilməsinə, bunun ardınca nəqliyyat sisteminin dayanmasına və mağazalarda ərzaq qıtlığına səbəb ola bilər. Komitə hökuməti potensial böhranlara hazırlıq tədbirlərini sürətləndirməyə və ölkənin müxtəlif təhlükələrə qarşı dayanıqlılığını gücləndirməyə çağırıb.
