Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında Somali bayrağı altında üzən yük gəmisinin batması nəticəsində 12 heyət üzvünün hamısı xilas edilib.
NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “BETUL 8” adlı gəmi noyabrın 16-da səhər saatlarında Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə batıb. Təcili yardım siqnalından sonra Bolqarıstan, Rumıniya və Türkiyənin xilasedici gəmiləri, eləcə də Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər əməliyyata cəlb olunub.
Heyət üzvləri helikopterlə təxliyə edilərək Varnadakı hərbi dəniz bazasına çatdırılıblar. Onların ümumi vəziyyətinin yaxşı olduğu, bir nəfərin isə başından yüngül xəsarət aldığı bildirilir.
Ekipaj üzvləri gəminin iki dəniz dronu tərəfindən vurulduğunu iddia ediblər. Hadisənin dəqiq səbəbləri araşdırılır. Bolqarıstan Hərbi Dəniz Qüvvələri ərazidə mümkün dəniz çirklənməsini yoxlayır.
Qeyd edək ki, təxminən 3 min ton buğda daşıyan “BETUL 8” Rumıniyanın Tulça şəhərindən Misirə doğru hərəkət edirmiş.
