Şimal qütbü üzərində soyuq hava kütlələrini saxlayan qütb burulğanı bu il əvvəlki rekord göstəricidən iki həftədən də çox tez dağılıb.
NUHÇIXAN xəbər verir ki, Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) məlumatına görə, stratosferdə qütb burulğanı küləklərinin adi qərb istiqamətli axını bu həftə əks istiqamətə dönüb. Bu hadisə 1968-ci və 2025-ci illərdə noyabrın 28-də qeydə alınan əvvəlki rekorddan iki həftədən çox tez baş verib.
Mütəxəssislər bu dəyişikliyin stratosferin qəfil istiləşməsi nəticəsində yarandığını bildirirlər. Britaniya Meteorologiya Xidməti isə prosesi Sakit okeanda müşahidə olunan "El-Ninyo" hadisəsi ilə əlaqələndirir. Qütb burulğanının dağılması Avropa, Şimali Amerika və Asiyanın şimalında kəskin soyuq və quru hava şəraitinə səbəb ola bilər.
ECMWF-nin baş tədqiqatçısı Tim Stokdeyl bildirib ki, iqlim sistemi hələ tam öyrənilməmiş yeni bir mərhələyə qədəm qoyur və bu səbəbdən qarşıda nə baş verəcəyini proqnozlaşdırmaq çətinləşir.
Britaniya Milli Atmosfer Elmləri Mərkəzinin tədqiqatçısı Skott Osprey isə qışın hələ yenicə başladığını xatırladaraq, növbəti həftələrdə güclü qar yağması üçün əlverişli şəraitin yarana biləcəyini qeyd edib. Lozanna Universitetinin tədqiqatçısı Reqan Mudhar da bu atmosfer hadisəsinin təsirinin həftələrlə, hətta aylarla davam edə biləcəyini vurğulayıb.
