Cənubi Koreya noyabrın 19-da Çinin Şencen şəhərində keçiriləcək Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşünün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir.
NUHÇIXAN xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında hökumətin ABŞ ilə sıx koordinasiya və digər böyük dövlətlərlə əlaqə vasitəsilə Koreya yarımadasında sülhə nail olmaq və Şimali Koreyanın nüvə problemini həll etmək istiqamətində ciddi irəliləyiş əldə etməyə çalışdığı bildirilib. "Ümid edirik ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq müxtəlif yüksəksəviyyəli ikitərəfli və çoxtərəfli görüşlər yarımadada sülh və sabitliyə töhfə verəcək", - deyə nazirliyin bəyanatında vurğulanıb.
Medianın məlumatına görə, Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun noyabrın 13-də Pekində çinli həmkarı Van İ ilə danışıqlarda ABŞ-Çin-Rusiya liderlərinin görüşünü və ABŞ ilə Şimali Koreya arasında dialoqun bərpası ehtimalını müzakirə edib. Ço Hyun ölkəsinin Koreya yarımadası ilə bağlı məsələlərdə həyati maraqları olduğunu xüsusi bildirib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi deyib ki, ABŞ-Çin-Rusiya üçtərəfli sammitində hansı konkret məsələlərin müzakirə olunacağını və nə qədər ağırlıq daşıyacağını proqnozlaşdırmaq çətindir: “Biz hadisələri yaxından izləməyə və müvafiq ölkələrlə lazımi ünsiyyəti saxlamağa davam edəcəyik”.
Ekspertlərin fikrincə, 3 böyük dövlətin fərqli maraqları Seulun öz narahatlıqlarının nəzərə alınması istiqamətindəki səylərini çətinləşdirə bilər. Onlar hesab edirlər ki, Çin və Rusiya Pxenyanla əlaqələrini gücləndirirlər, eyni zamanda, Donald Trampın Şimali Koreya ilə dialoqu bərpa etmək cəhdlərində Cənubi Koreyanın təhlükəsizlik maraqlarından daha çox öz siyasi maraqlarını üstün tuta biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
