Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib
Avropa İttifaqının beş ölkəsi – Danimarka, Almaniya, Avstriya, Niderland və Yunanıstan sığınacaq üçün müraciət edənlərə imtina verilmiş miqrantlar üçün Ruandada mərkəz yaradılması barədə razılığa gəlib. Bu barədə Vyanada keçirilən mətbuat konfransında məlumat verilib. Yaxın vaxtlarda ölkələr Ruanda hakimiyyəti ilə danışıqlara başlamağı planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen bu təşəbbüsü Avropanın sərhədləri üzərində nəzarətin gücləndirilməsi və sığınacaq sistemində islahatların aparılması istiqamətində mühüm addım adlandırıb. Mərkəzə ölkələrinə qaytarılması mümkün olmayan miqrantların göndərilməsi nəzərdə tutulur.
Təşəbbüs insan hüquqları təşkilatlarının tənqidinə səbəb olub. Onlar miqrantların hüquqi qeyri-müəyyənlik şəraitində Ruandada illərlə qala biləcəyindən narahatdırlar. Bundan əlavə, Ruanda hakimiyyəti həm öz ərazisində, həm də qonşu Konqo Demokratik Respublikasında insan hüquqlarını pozmaqda dəfələrlə ittiham olunub.
Danimarka noyabrın 23-də Ruanda ilə ikitərəfli əməkdaşlığın və investisiyaların genişləndirilməsinə dair saziş imzalamaq niyyətindədir. Xarici işlər naziri Lars Lökke Rasmussenin sözlərinə görə, hökumət ilk miqrantları Danimarkadan Ruandaya artıq 2027-ci ildə göndərməyi planlaşdırır.
Bu arada, Norveçin Tərəqqi Partiyası hökuməti bu təşəbbüsə qoşulmağa çağırıb. Partiya nümayəndələri bildiriblər ki, Norveç də sığınacaq verilməsinə imtina edildikdən sonra ölkədə qalmağa davam edən miqrantlarların problemi ilə üzləşir. Partiya tələb edir ki, Norveç sazişin altıncı iştirakçısı olsun.
