Danimarka tarixində ən uzunömürlü insan kimi tanınan 112 yaşlı Kirsten Şvalbe nasist keçmişi ilə bağlı məlumatların nəşrindən sonra qalmaqal yaranıb.
NUHÇIXAN xəbər verir ki, Şvalbe oktyabr ayında 112 yaş 218 günə çataraq ölkənin uzunömürlülük üzrə rekordunu müəyyənləşdirib. Danimarka mediası bu hadisəni geniş işıqlandırıb, qadın haqqında bioqrafik kitab nəşr olunub, həmçinin “Kirstenin təlatümlü illəri” adlı sənədli serial çəkilib.
Lakin jurnalistlər müəyyən ediblər ki, İkinci Dünya müharibəsi illərində Danimarkanın Almaniya tərəfindən işğalı zamanı o, Danimarka Milli Sosialist Fəhlə Partiyasının üzvü olub.
Qadının özü partiyaya həyat yoldaşının təsiri ilə qoşulduğunu və onun ideologiyasından xəbərsiz olduğunu iddia edib. Lakin Danimarka Milli Arxivində aşkar edilmiş sənədlər göstərir ki, o, 1943-1944-cü illərdə partiyanın yerli bölməsində iki rəhbər vəzifə tutub.
Tədqiqatçıların sözlərinə görə, bu məlumatlar onun yerli səviyyədə nasist hərəkatında fəal rol oynadığını təsdiqləyir.
Qohumları bildiriblər ki, qadın yayılan məlumatlardan sarsılıb və onları şərh edə bilmir. Bu ifşalardan sonra nəşriyyat onun bioqrafiyasına yenidən baxmaq qərarına gəlib. “TV Midtvest” telekanalı isə digər səbəblərlə yanaşı, sənədli serialın qəhrəmanının səhhətini əsas gətirərək “Kirstenin təlatümlü illəri” serialının son bölümünün yayımını ləğv edib.
