“Goldman Sachs”: Qızılın qiymətinin əvvəlki rekord səviyyəyə qayıtması iki il çəkəcək

A- A A+

ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” qızılın qiymətinin əvvəlki rekord səviyyəsinə qayıtmasının iki il çəkəcəyini proqnozlaşdırır.

NUHÇIXAN xəbər verir ki, “Goldman Sachs” ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmasının qısamüddətli perspektivdə qızılın qiymətinə təzyiq göstərəcəyini gözləyir. Bankın proqnozuna görə, mərkəzi bankların qızıl alışları hesabına qiymətli metalın bir troya unsiyasının qiyməti 2027-ci ilin sonunadək 4650 dollara, FED-in faiz dərəcələrini azaltmağa başlamasından sonra isə 2028-ci ilin sonunadək 5600 dollara çata bilər.

“Goldman Sachs”ın analitiklərinin fikrincə, cəmi bir ay ərzində 30 faizdən çox bahalaşaraq yanvarın sonunda bir troya unsiyası təxminən 5600 dollara yüksələn və tarixi maksimumunu yeniləyən qızılın yenidən həmin səviyyəyə çatması təxminən iki il çəkə bilər.

Bildirilir ki, FED-in faiz artımlarını davam etdirməsi faiz gəliri gətirməyən qızılın qiymətinə mənfi təsir göstərəcək. Bu səbəbdən yaxın perspektivdə qiymətlərin daha da enməsi, bazarda volatilliyin isə yüksək səviyyədə qalması mümkündür.

FED faiz dərəcələrini azaltmağa başladıqdan sonra Qərb ölkələrində qızıla əsaslanan birja investisiya fondlarına tələbin bərpa olunacağı gözlənilir. Ekspertlərin qənaətinə görə, bu proses qızılın bir troya unsiyasının qiymətinin 2028-ci ilin sonunadək 5600 dollara yüksəlməsinə şərait yarada bilər. Makroiqtisadi siyasətlə bağlı risklərdən qorunmaq məqsədilə qızıla tələbin yenidən artması isə qiymətin bu həddi də aşmasına səbəb ola bilər.

“Goldman Sachs”ın strateqləri 2027-ci ildə bazarda 2022-ci ilə bənzər vəziyyətin yarana biləcəyini qeyd ediblər. Onların fikrincə, FED-in faiz artımları özəl investorların qızıla marağını azaltsa da, mərkəzi bankların alışları qiymətli metalın dəyərini dəstəkləməkdə davam edə bilər. Bu alışlar 2027-ci ilin sonunadək qızılın bir troya unsiyasının qiymətinin 4650 dollara yüksəlməsinə kömək edə bilər.

Süni intellekt sahəsinə investisiyaların sürətlə artması, istiqrazların gəlirliliyinin yüksəlməsi və faiz dərəcələrinin yenidən artırılacağı ilə bağlı gözləntilər qızıla tələbi zəiflədib. İlin əvvəlindən bəri təxminən 11 faiz ucuzlaşan qiymətli metal son 10 ildən artıq müddətin ən zəif illik nəticəsini göstərməyə doğru gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: