“OpenAI” şirkəti süni intellekt vasitəsilə yaradılanlar da daxil olmaqla, internetdə yayılan uşaqların istismarını əks etdirən görüntüləri aşkarlamaq üçün yeni təsnifat aləti hazırlayıb. Şirkət bu aləti təsdiqlənmiş təşkilatların istifadəsinə ödənişsiz təqdim edəcək.
NUHÇIXAN xəbər verir ki, şirkət bununla yanaşı, “ChatGPT” platformasında bu cür məzmunun axtarılması cəhdlərinin qarşısını almaq məqsədilə yeni xəbərdarlıq mexanizmlərini də tətbiq edəcək.
“OpenAI”nin rəsmi saytında yayımlanan məlumata görə, yeni alət əvvəllər müəyyən edilməmiş uşaqların istismarını əks etdirən görüntüləri aşkarlamaq üçün vizual əlamətləri təhlil edir. Sistem görüntülərə müvafiq qiymət verərək araşdırma qruplarına hansı materialların ilk növbədə yoxlanılmalı olduğunu müəyyənləşdirməyə kömək edir.
Şirkət bu sistemi süni intellekt vasitəsilə yaradılan və internetdə yayılan uşaqların istismarını əks etdirən materialların müəyyənləşdirilməsi üçün xüsusi göstəricilər təqdim edən, geniş istifadəyə açıq ilk təsnifat aləti kimi xarakterizə edib. Alət təsdiqlənmiş təşkilatlara pulsuz təqdim olunacaq.
“ChatGPT”də yeni xəbərdarlıq mexanizmləri tətbiq ediləcək
“OpenAI” mövcud təhlükəsizlik tədbirlərinə əlavə olaraq, “ChatGPT”də uşaqların istismarını əks etdirən materialların axtarılması cəhdlərinin qarşısını almaq üçün yeni xəbərdarlıqların tətbiq ediləcəyini açıqlayıb. Xəbərdarlıqlarda istifadəçilərə uşaqlara qarşı istismar xarakterli məzmunun süni intellekt vasitəsilə yaradılmasının da zərərli olduğu bildiriləcək.
Belə halların qeydə alındığı söhbətlər silinəcək, istifadəçinin “ChatGPT”yə çıxışı isə 24 saat müddətinə məhdudlaşdırılacaq. Bu müddət ərzində istifadəçiyə zərərli davranışlardan uzaqlaşmağa kömək məqsədilə mütəxəssis dəstəyi də təklif olunacaq.
Qayda pozuntuları təkrarlandığı təqdirdə, platformaya giriş daha uzun müddətə məhdudlaşdırıla bilər. Həmçinin hesabın bağlanması və ya baş vermiş hal barədə müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməsi nəzərdə tutulur.
“OpenAI” bildirib ki, bu yanaşma uşaqların istismarının qarşısının alınması istiqamətində fəaliyyət göstərən təşkilatların və akademik məsləhətçilərin iştirakı ilə hazırlanıb.
