Avstraliyalı tədqiqatçılar donor buynuz qişalarının çatışmazlığını aradan qaldırmaq və görmə qabiliyyətinin bərpası imkanlarını genişləndirmək məqsədilə biomühəndislik üsulu ilə süni buynuz qişa hazırlayırlar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Avstraliyanın Vollonqonq Universiteti məlumat yayıb. Bildirilib ki, “BIENCO” adlı layihə çərçivəsində bir neçə universitet və elmi müəssisənin mütəxəssisləri birgə tədqiqat aparırlar.
Qeyd edilib ki, dünyada 23 milyondan çox insan buynuz qişanın zədələnməsi nəticəsində görmə problemlərindən əziyyət çəkir. Belə halların bir çoxunda görmə qabiliyyətinin bərpası üçün transplantasiya yeganə effektiv müalicə üsuludur. Lakin donor toxumasının çatışmazlığı müalicəyə çıxışı məhdudlaşdırır.
Tədqiqatçılar buynuz qişanın üç əsas hüceyrə növünü onun təbii quruluşuna uyğun şəkildə laboratoriya şəraitində yaratmağa çalışırlar. Komanda artıq toxumanın şəffaflığı, möhkəmliyi və sabitliyi ilə bağlı bir sıra çətinlikləri aradan qaldırıb. Hazırda layihə üzrə prototipin istehsalının genişləndirilməsi və texnologiyanın praktik tətbiqi imkanları araşdırılır. Yeni yanaşmanın gələcəkdə sümük və dəri kimi digər toxumaların biomühəndislik üsulu ilə hazırlanmasına da imkan yaradacağı gözlənilir.
