Sudan və Efiopiya bir-birini mərkəzi hakimiyyətə qarşı çıxan silahlı qruplaşmalara dəstək verməkdə ittiham edirlər.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Sudan ordusu Efiopiyanı qiyamçı Çevik Dəstək Qüvvələrinə öz ərazisində hərbi düşərgələr yaratmağa, pilotsuz uçuş aparatları buraxmağa və Sudan ərazisinə hücumlar həyata keçirməyə şərait yaratmaqda ittiham edir. Sudan bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına və Afrika İttifaqına şikayətlər ünvanlayaraq sübutlar təqdim etdiyini bildirib.
Efiopiya isə Sudan ordusunu Tiqray bölgəsində federal qüvvələrə qarşı döyüşən üsyançılara dəstək verməkdə günahlandırır. Sentyabr ayında bölgədə döyüşlərin yenidən başlaması 2022-ci ildə əldə olunmuş sülh razılaşmasının pozulması ilə nəticələnib. Hər iki tərəf qarşılıqlı ittihamları rədd edir.
Analitiklər xəbərdarlıq edirlər ki, iki ölkə arasındakı gərginlik daha genişmiqyaslı regional münaqişəyə çevrilə bilər.
Sudanda 2023-cü ilin aprelindən ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən müharibə nəticəsində on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər ev-eşiyini tərk edib. Münaqişə ölkənin geniş ərazilərində humanitar böhran yaradıb.
Analitiklərin fikrincə, Sudan və Efiopiya arasında gərginliyin artması hər iki ölkədəki daxili münaqişələrin bir-birinə sirayət etməsi riskini yüksəldir. Beynəlxalq Böhran Qrupunun Afrika Buynuzu layihəsinin direktoru Alan Bosvel iki ölkə arasında proksi müharibənin başlanması üçün bütün şərtlərin mövcud olduğunu və bunun regionda sabitliyi daha da poza biləcəyini bildirib.
