Birləşmiş Millətlər Təşkilatı (BMT) cari ildə Sudanda ölümü təsdiqlənmiş mülki şəxslərin təxminən 75 faizinin həlak olmasına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar səbəb olduğunu açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, yanvarın əvvəlindən oktyabrın sonunadək 2230 mülki şəxsdən 1630-dan çoxu PUA hücumları nəticəsində həyatını itirib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk münaqişə tərəflərinin müharibə qanunlarına açıq-aşkar etinasızlıq göstərməsini pisləyib və bunun müharibə cinayətləri səviyyəsinə çata biləcəyini bildirib.
Sudan ordusu ilə yarımhərbi “Çevik Dəstək Qüvvələri” arasında 2023-cü ilin aprelindən etibarən vətəndaş müharibəsi gedir. Son bir neçə ayda hər iki tərəf pilotsuz uçuş aparatları ilə hücumları intensivləşdirib.
BMT-nin yanvar-iyun aylarını əhatə edən hesabatında bildirilir: “Pilotsuz uçuş aparatlarından istifadənin artması Sudandakı münaqişənin səciyyəvi xüsusiyyətlərindən birinə çevrilib. Bu, hər iki tərəfə öz əməliyyatlarının əhatə dairəsini nəzarət etdikləri ərazilərdən və cəbhə xətlərindən xeyli kənara genişləndirməyə imkan verib”.
Hesabatla eyni vaxtda yayılan BMT-nin bəyanatında qeyd olunub ki, təşkilatın təsdiqlədiyi ölüm hallarının sayı həmin vaxtdan etibarən 2230-a çatıb. Onlardan 1630-dan çoxu pilotsuz uçuş aparatlarının hücumları nəticəsində baş verib. Bəyanatda, həmçinin real itkilərin sayının daha çox olduğu ehtimal edilir.
Bəyanatda vurğulanıb ki, pilotsuz uçuş aparatları döyüşlər zamanı birbaşa insan tələfatına səbəb olmaqla yanaşı, getdikcə daha çox insanın həyatda qalması üçün vacib olan obyektləri, o cümlədən su mənbələrini və elektrik təchizatı sistemlərini də hədəfə alır.
