ABŞ-nin Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri insan hüceyrələrində iltihabın necə başladığını müəyyən etməyə imkan verən yeni elmi alət hazırlayıblar. Bu kəşf xroniki iltihabın yaranma mexanizmlərinin daha dərindən öyrənilməsinə və gələcəkdə onun qarşısının alınması yollarının müəyyənləşdirilməsinə kömək edə bilər.
NUHÇIXAN xəbər verir ki, tədqiqatın nəticələri “Free Radical Biology and Medicine” elmi jurnalında dərc olunub.
Araşdırmada alimlər hüceyrənin enerji istehsalına cavabdeh olan mitoxondrilərdə DNT-nin zədələnməsi ilə iltihab reaksiyası arasındakı əlaqəni öyrəniblər. Mitoxondrilər hüceyrə nüvəsindəki DNT-dən fərqli olaraq öz genetik materialına malikdir. Əvvəlki tədqiqatlar mitoxondrial DNT-nin immun sisteminin fəaliyyətində mühüm rol oynadığını göstərsə də, onun zədələnməsinin iltihaba necə təsir etdiyi tam aydın deyildi. Tədqiqatçılar bu əlaqəni araşdırmaq üçün tənəffüs yollarını örtən insan hüceyrələrindən istifadə ediblər. Bu hüceyrələr hava vasitəsilə orqanizmə daxil olan çirkləndiricilərlə birbaşa təmasda olduqları üçün iltihab proseslərinin öyrənilməsində xüsusi əhəmiyyət daşıyır.
Təcrübələr göstərib ki, hazırlanmış vasitə hüceyrə nüvəsindəki DNT-yə zərər vermədən mitoxondrial DNT-ni zədələyə bilir. Tədqiqatçılar, həmçinin zədələnmiş mitoxondrial DNT-ni mitoxondrilərin xaricindəki hüceyrədaxili mayedə aşkar ediblər. Belə molekullar hüceyrə üçün təhlükə siqnalı rolunu oynayaraq immun reaksiyasında və iltihab prosesində iştirak edən genləri aktivləşdirə bilər.
Tədqiqatın müəllifi, kimya professoru Linlin Zhao bildirib ki, yeni vasitə mitoxondrial zədələnmənin iltihaba təsirini araşdırmaq üçün alimlərə yeni imkanlar yaradır. Tədqiqatçılar növbəti mərhələdə DNT-yə müxtəlif səviyyələrdə zərər vuran molekulları sınaqdan keçirməyi planlaşdırırlar. Onlar iltihab reaksiyasının başlaması üçün nə qədər zədələnmənin tələb olunduğunu, eləcə də bu mexanizmin hüceyrələrin yaşlanmasında rolunu müəyyənləşdirmək istəyirlər.
Alimlərin fikrincə, iltihabı başladan mexanizmlərin dəqiq müəyyənləşdirilməsi onun xroniki xarakter almadan qarşısının alınması üçün yeni yanaşmaların hazırlanmasına şərait yarada bilər. Xroniki iltihab artrit, 2-ci tip diabet, Alzheimer xəstəliyi və bəzi xərçəng növləri də daxil olmaqla bir sıra xəstəliklərin inkişafında mühüm amillərdən biri hesab olunur.
