“Nvidia”nın maliyyə hesabatından sonra bazar dəyərində 335 milyard dollarlıq dəyişiklik gözlənilir

A- A A+

Bu gün “Nvidia” şirkətinin açıqlayacağı üçüncü rübün maliyyə nəticələrindən sonra şirkətin bazar dəyərinin təxminən 335 milyard dollar dəyişəcəyi proqnozlaşdırılır.

NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bu, nəhəng çip istehsalçısının gələcək perspektivləri ətrafında qeyri-müəyyənliyin artdığını göstərən son əlamətdir.

Ötən həftə şirkətin baş icraçı direktoru (CEO) Censen Huangın Çin kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən şəxslə və “Nvidia”nın əməkdaşı ilə münasibətləri barədə məlumatların yayılmasından sonra istefa verməsi şirkətin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub (https://azertag.az/xeber/nvidia_sehmleri_bas_direktorun_mumkun_istefasi_xeberi_fonunda_86_faiz_ucuzlasib-4505775). Hazırda şirkətə müvəqqəti rəhbərliyi maliyyə direktoru Kolet Kress icra etsə də, çip istehsalçısına yeni rəhbər axtarışını davam edir.

LSEG-in məlumatına görə, səhmlərin ucuzlaşması nəticəsində çip istehsalçısının bazar dəyəri oktyabrın əvvəlindəki təxminən 5,8 trilyon dollardan cümə günü 3,9 trilyon dollara enib. Bazar ertəsi isə şirkətin səhmləri daha 4 faiz ucuzlaşıb.

“Susquehanna” şirkətinin məlumatına əsasən, treyderlər “Nvidia”nın hesabatını açıqlamasından bir gün sonra – yəni sabaha səhmlərin qiymətində hər iki istiqamətdə 8,5 faizlik dəyişiklik ehtimalını nəzərə alırlar. Bu göstərici son səkkiz rüb üzrə maliyyə hesabatlarından sonra qeydə alınan orta qiymət dəyişməsindən 2 dəfə çoxdur və şirkətin əvvəlki hesabatından sonra müşahidə olunan 8,74 faizlik artıma yaxındır.

Buna baxmayaraq, gözlənilən qiymət dəyişməsi “S&P 500” indeksinə daxil olan şirkətlərin təxminən 90 faizinin ayrı-ayrılıqda bazar dəyərindən daha böyük məbləğdir.

“Qarşıdakı üç gün ərzində bazara təsir göstərəcək əsas amil maliyyə hesabatıdır. Lakin qiymətlərdəki bu gözlənti təkcə hesabatla bağlı deyil, həm də şirkətlə əlaqəli yeni xəbərlər və Trampın açıqlamaları da daxil olmaqla, davam edən informasiya risklərini əks etdirir”, – deyə bildirilir.

ABŞ Prezidenti Donald Tramp Huangın “Nvidia”nın rəhbəri vəzifəsinə qayıtmasına qarşı çıxmayacağını bildirib. Eyni zamanda, onun yenidən şirkətə rəhbərlik etməsini tələb edən petisiya, o cümlədən "Silikon Vadisi"nin tanınmış rəhbərlərinin də dəstəyi ilə 178 mindən çox imza toplayıb. Bununla belə, üç mənbə “Reuters”ə bildirib ki, “Nvidia”nın direktorlar şurası Huangın baş icraçı direktor vəzifəsinə qayıtması məsələsini nəzərdən keçirmir.

“Nvidia”nın səhmləri bu il ərzində təxminən 17 faiz ucuzlaşıb. İnvestorlar hazırda baş verən bütün son hadisələrə baxmayaraq, süni intellekt infrastrukturu üzrə tələbin güclü olaraq qaldığına dair “Nvidia”nın bazarı nə dərəcədə inandıra biləcəyinə diqqət yetirirlər.

“MAI Capital Management” şirkətinin baş bazar strateqi Kris Qrisantinin sözlərinə görə, investorları ilk növbədə şirkətin gələcəyə dair proqnozları maraqlandırır. Buraya sifariş portfelinin vəziyyəti, müştərilərin sifarişləri ləğv etməsi və ya daha sonrakı tarixlərə keçirməsi ehtimalı, eləcə də məlumat mərkəzlərinin fəaliyyətinə dair tənzimləyici məhdudiyyətlərin onların tikintisini gözləniləndən daha uzun müddətə uzadıb-uzatmayacağı daxildir.

“Əslində, vəziyyət ilk baxışdan göründüyü qədər mürəkkəb deyil. Məlumat mərkəzləri sektorunun 2027-ci ildə də böyüməyə davam edəcəyi gözlənilir. “Nvidia” isə çip təchizatında inhisarçı mövqeyə malikdir. Bu iki amili bir araya gətirdikdə, səhmlərin daha yüksək qiymətə çatacağını proqnozlaşdırmaq çətin deyil”, – deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: