Fransada bahalaşmaya və aşağı əməkhaqlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib

A- A A+

Fransada noyabrın 17-də həyat bahalılığına və aşağı əməkhaqlarına etiraz olaraq keçirilən ümumölkə aksiyalarında iştirakçıların sayı ilə bağlı həmkarlar ittifaqları və rəsmi qurumlar fərqli rəqəmlər açıqlayıblar. CGT həmkarlar ittifaqının məlumatına görə, nümayişlərə ölkə üzrə 500 mindən çox insan qatılıb. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 146 min nəfər olaraq qiymətləndirib.

NUHÇIXAN xəbər verir ki, Parisdə keçirilən əsas nümayişdə CGT-nin hesablamalarına görə, 175 min nəfər iştirak edib. Paris Polis Prefekturası isə iştirakçıların sayının 28 min olduğunu bildirib.

Aksiyalar dövlət qulluqçularının əməkhaqlarının artırılması və hökumətin sosial siyasətinin dəyişdirilməsi tələbi ilə bir sıra həmkarlar ittifaqlarının çağırışı əsasında təşkil olunub. Təşəbbüsə “Force ouvrière” və Fransanın Demokratik Əmək Konfederasiyasının (CFDT) dövlət qulluğu üzrə bölməsi də qoşulub.

Etirazlar digər şəhərlərdə də keçirilib. Marseldə polis prefekturası 4 900, CGT isə 80 min iştirakçı qeydə alıb. Tuluzada 5 500, Sent-Etyendə isə təxminən 2 100 nəfər nümayişə qatılıb.

Təhsil sektorunda tətilin miqyası ilə bağlı da fərqli göstəricilər açıqlanıb. Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin 3,76 faizi, Snes-FSU həmkarlar ittifaqının hesablamalarına əsasən isə 20 faizi tətilə qoşulub. Ali təhsil müəssisələrinin 27 faizində günorta saatlarında fəaliyyətin pozulduğu bildirilib.

Nümayişlər nəqliyyat sistemində də fasilələrə səbəb olub. Bir sıra regionlarda regional qatarların hərəkətində, Parisdə isə Transilien J və N xətlərində problemlər qeydə alınıb. Bir çox metro stansiyası bağlanıb.

Həmkarlar ittifaqları hökumətin minimum əməkhaqqının artırılması ilə bağlı qərarını yetərsiz hesab edirlər. CGT-nin baş katibi Sofi Bine iri şirkətlərin dövlət yardımlarından böyük pay əldə etdiyini vurğulayaraq, onların sosial məsuliyyət yükünün artırılmasına çağırıb.

Qeyd edək ki, Paris İnzibati Məhkəməsi paytaxt regionunda bəzi lisey və ali təhsil müəssisələrinin ətrafında 100 metr radiusda elan edilməmiş toplantı və yürüşlərin keçirilməsinə qoyulan qadağanın icrasını dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: