Dünya iqtisadiyyatında baş verən böhran Almaniyanın iri avtomobil istehsalçısından da yan keçməyib. Tanınmış şirkətlər bu gün satış problemi ilə qarşılaşaraq işçiləri ixtisar etmək və əmək haqqıları azaltmaq məcburiyyətində qalıblar.
NUHÇIXAN xəbər verir ki, çətinliklə qarşılaşan müəssisələrdən biri də “Mercedes-Benz”dir.
“Berliner Zeitung” nəşrinə müsahibə verən şirkətin istehsal üzrə direktoru Mixael Şibe bildirib ki, enerji qiymətlərinin yüksək həddə olması, vergilərin artması və bürokratik əngəllər böyük problemlər yaradıb. Onun sözlərinə görə şirkət bütün sərmayə proqramını dayandırmağa məcbur olub, ixtisarlar aparmaq və zavodları xaricə köçürmək barədə düşünür. Şirkətin personal üzrə direktoru Britta Zeqer isə bildirib ki, bir sıra zavodlar bağlanacaq. Zavodların bağlanması isə minlərlə işsizin meydana gəlməsi ilə nəticələnəcək. İndiki şəraitdə şirkət Almaniya ərazisində sərmayə yatırımını məqsədə uyğun hesab etmir.
Hazırda şirkət əmək haqqını aşağı səviyyədə saxlamaqla işçilərdən həftədə 35 deyil 38 saat işləməyi tələb edir və bunun müqabilində əmək haqqından əlavələrin ödənilməsini həyata keçirmir.
Almaniyanın avtobobil istehsalçıları arasında çətinliklə qarşılaşan təkcə “Mercedes-Benz” şirkəti deyil. Belə ki, “Volkswagen” şirkəti 100 min işçini ixtisara salmaq barəsində plan hazırlayıb. BMW bütün əməkdaşlara əlavə ödənişləri dayandırıb. “Audi” isə zavodlarını ABŞ-yə köçürməyə başlayıb ki, bu da Almaniyada birmənalı qarşılanmayıb. Məsələ ondan ibarətdir ki, şirkət ABŞ-yə 4,5 milyard dollar sərmayə yatıraraq yeni zavod tikəcək və 4500 iş yeri yaradacaq. “Audi” konserninin rəhbəri Qernot Dölnerin ABŞ Prezidenti Donald Tramp ilə şəxsi dostluq münasibətləri də siyasi dairələr tərəfindən xoş məram kimi qarşılanmır.
Almaniyanın avtomobil sənayesinin böhranla qarşılaşmasının səbəbi bir tərəfdən enerji qıtlığıdırsa, digər tərəfdən rəqabət qabiliyyətinin itirilməsidir.
Hazırda Çin tez və daha ucuz başa gələn elektramobillər istehsal edərək dünya bazarına çıxarır. Bu maşınların qiyməti və istismarı ucuz başa gəlir. Yaxın Şərqdə baş verən hərbi gərginlik və Avropanın Rusiyadan enerjidaşıyıcıları almaqdan imtinası Çinə imkan verdi ki, Rusiya və İrandan çox ucuz qiymətə neft alsın. Ölkənin neft idxalının artması onun qiymətinin aşağı düşməsi ilə nəticələndi ki, bu da avtomobil istehsalının artırılmasına böyük imkan verdi.
Almaniya artıq dünya üzrə iri avtomobil sənayesinə malik olan ölkə hesab edilmir. Bu gün Avropa şəhərlərində Avropanın öz istehsalı deyil, Çin istehsalı olan avtomobillər daha çox diqqəti cəlb edir.
