Rəsmi Tehran CNN-nin İranın kimyəvi silahlardan istifadə edəcəyi barədə xəbərini təkzib edib.
NUHÇIXAN rəsmi IRNA agentliyinə istinadla xəbər verir ki, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi İranın kimyəvi silahların ən böyük qurbanlarından biri olduğunu vurğulayıb.
Qəribabadi “X” platformasında paylaşımında qeyd edib ki, İranın Vaşinqtona qarşı kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə CNN-in iddiası yalan və tarixin təhrif olunmasıdır. O, İranın kimyəvi silahların ən böyük qurbanlarından biri olduğunu qeyd edib. XİN rəsmisi əlavə edib ki, əvvəllər ABŞ-nin dəstəyi ilə bu qeyri-insani silahlardan dəfələrlə istifadə olunub. Nazir müavinin sözlərinə görə, kimyəvi silahlardan istifadə təbliğat müharibəsinin mövzusuna çevrilməməlidir.
İranın BMT-dəki daimi nümayəndəliyi də bu məlumata münasibət bildirərək qeyd edib ki, CNN-in guya “çirkli bomba” haqqında uydurma hekayəsi gələcəkdə təcavüz və müharibə cinayətləri üçün bəhanələr yaratmaq məqsədilə hazırlanmış dezinformasiya kampaniyasının bir hissəsidir. “İran bu əsassız iddiaları qəti şəkildə rədd edir. Heç bir təbliğat və ya dezinformasiya təcavüzü gizlədə, müharibə cinayətlərini qanuniləşdirə və ya bu cür dəhşətli cinayətlərin törədilməsində məsul olanları bəraət qazandıra bilməz”.
Daimi nümayəndəlik, həmçinin “The New York Times” qəzetində yer alan İranın su bəndlərini və mülki su infrastrukturunu hədəf alacağı barədə iddiaları da təkzib edib: “Mülki bəndlərə və su infrastrukturuna qarşı hər hansı hücum beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması və müharibə cinayəti hesab olunur”.
