Böyük Britaniyada inflyasiyanın yenidən yüksəlməsi fonunda gələn ilin yanvar ayından etibarən ev təsərrüfatlarının enerji xərclərinin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, enerji bazarı üzrə konsaltinq şirkəti “Cornwall Insight”in yeni proqnozuna əsasən, 2027-ci ilin yanvarından etibarən ev təsərrüfatlarının illik enerji xərcləri 26 faiz və ya orta hesabla 443 funt sterlinq arta bilər. Proqnoz İngiltərə, Şotlandiya və Uelsdə enerji bazarının tənzimləyicisi “Ofgem”in müəyyən etdiyi qiymət həddinin təsir etdiyi tariflərdən istifadə edən milyonlarla ailəyə şamil olunur.
Böyük Britaniyada inflyasiya səviyyəsi oktyabr ayında 3,6 faizə yüksəlib. Bu, ardıcıl dördüncü aylıq artım olmaqla yanaşı, son bir ilin ən yüksək göstəricisidir.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, inflyasiyanın yüksəlməsinə əsas təsir göstərən amillərdən biri yenidən yanacaq xərclərinin artması olub. Bununla yanaşı, kompüter proqram təminatı və ev heyvanları üçün qida məhsulları da daxil olmaqla, bir sıra digər malların qiymətlərində bahalaşma qeydə alınıb. Hökumət qiymət artımlarını Yaxın Şərqdə və Ukraynada davam edən müharibələrin qlobal iqtisadiyyata təsiri ilə əlaqələndirib. Bildirilib ki, bu münaqişələr dünya üzrə xərclərin yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, İngiltərə Bankı bu ayın əvvəlində inflyasiyanın qarşısını almaq məqsədilə əsas faiz dərəcəsini 4 faizə yüksəldib.
