Səudiyyə Ərəbistanı Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 310ci sessiyasında (COP31) yeni iqlim öhdəliklərinin razılaşdırılmasına qarşı mövqeyini sərtləşdirib. Ər-Riyad yekun sənədlərə fosil yanacaqlardan mərhələli şəkildə imtina və elektrikləşmənin genişləndirilməsi ilə bağlı müddəaların daxil edilməsinə qarşı çıxır.
NUHÇIXAN “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti yekun sənədlərdə mübahisə doğuran müddəaların çıxarılmasına nail olmaq üçün ərəb ölkələri qrupunun mövqeyini koordinasiya edir. Xüsusilə, Braziliyanın kömür, neft və qazdan alternativ enerji mənbələrinə keçidi nəzərdə tutan yol xəritəsi ilə bağlı təklifinə etiraz edilir.
Danışıqların əsas məsələlərindən biri Türkiyənin 2035-ci ilədək dünya üzrə son enerji istehlakında elektrik enerjisinin payını 35 faizə çatdırmaq təşəbbüsü olub. Hazırda bu göstərici təxminən 23 faiz təşkil edir. Bununla belə, təşəbbüs elektrik enerjisinin yalnız bərpaolunan mənbələr hesabına istehsalına keçidi məcburi şərt kimi nəzərdə tutmur.
Konfransın yekun qərar layihəsinin ilk variantı ətrafında da fikir ayrılıqları yaranıb. Nəşrin məlumatına görə, ərəb ölkələrinin və inkişaf etməkdə olan dövlətlərin birliyinin nümayəndələri də daxil olmaqla, bir sıra dövlətlər sənədin enerji keçidi ilə bağlı ayrı-ayrı müddəalarına qarşı çıxıb.
Mübahisələr İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun fəaliyyəti ilə bağlı məsələləri də əhatə edib. Səudiyyə Ərəbistanı və Hindistan ayrı-ayrı elmi hesabatların hazırlanması üçün müəyyən edilmiş müddətləri, eləcə də təşkilatın gələn il üçün büdcəsini mübahisələndirirlər. Bununla yanaşı, Səudiyyə Ərəbistanı tərəfi elmi tədqiqatların aparılmasına mane olmaq cəhdləri ilə bağlı ittihamları rədd edir və prosesin etibarlılığının, eləcə də inklüzivliyinin təmin edilməsinin vacibliyini bildirir.
COP31 üzrə danışıqların sədri, Avstraliyanın energetika naziri Kris Bouen daha əvvəl yekun qərar layihəsinə elektrik enerjisindən istifadənin genişləndirilməsi ilə bağlı təkliflərin daxil edildiyini təsdiqləyib. Bununla yanaşı, o qeyd edib ki, iştirakçıların ümumi razılığını qazanmayan müddəalar yekun sənədə daxil edilməyə bilər.
Beləliklə, fosil yanacaqların gələcəyi, elektrik enerjisindən istifadənin genişləndirilməsi və enerji keçidi ilə bağlı fikir ayrılıqları COP31-də ümumi razılığın əldə olunmasına mane olan əsas məsələlərdən biri olaraq qalır.
Konfrans noyabrın 20-də başa çatacaq.
