Cənubi Koreyada imtahanda süni intellektdən istifadə edənləri xəbər verənlər 75 min dollar mükafat alacaq
Cənubi Koreya süni intellektdən istifadə etməklə imtahanlarda köçürmə hallarına qarşı sərt mübarizəyə başlayır.
NUHÇIXAN “Bloomberg”ə istinadən xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myo testlər zamanı süni intellektdən istifadə edən tələbələr barədə məlumat verən şəxslərə 75 min dollar mükafat veriləcəyini açıqlayıb.
Qərar ölkədə bu həftə keçiriləcək ali məktəblərə qəbul üzrə mühüm “Suneung” imtahanı ərəfəsində, texnologiyaların köməyi ilə həyata keçirilən akademik saxtakarlıqla bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.
Hökumət süni intellektdən istifadə etməklə köçürmə faktı təsdiqlənən hər bir hadisə üzrə məlumat verən şəxsə ən azı 100 milyon von (təxminən 75 min dollar) mükafat ödəyəcək. Bir neçə nəfərin iştirak etdiyi mütəşəkkil saxtakarlıq halları üzrə mükafatın məbləği daha yüksək ola bilər. Yeni qaydalara əsasən, digər iştirakçılar barədə məlumat verən qayda pozucularına isə daha yüngül cəzalar tətbiq ediləcək.
Bu, süni intellektdən istifadə etməklə imtahanlarda saxtakarlığa yol verənlərə qarşı mübarizə məqsədilə dövlət başçısı tərəfindən birbaşa pul mükafatı vəd edilən ilk haldır. Bu addım təhsilə xüsusi önəm verilən Cənubi Koreya cəmiyyətində problemin nə dərəcədə ciddi olduğunu göstərir. Dünyanın ən yüksək internet sürətinə malik ölkələrindən biri olan Cənubi Koreyada süni intellekt texnologiyalarının geniş yayılması imtahanların təhlükəsizliyinin təmin edilməsi qarşısında yeni çağırışlar yaradır.
İri məbləğdə mükafatın vəd olunmasına ölkənin çətinliyi ilə tanınan milli mühasibatlıq imtahanında ən yüksək nəticəni göstərmiş şəxsin etirafı səbəb olub. Həmin şəxs bazar günü imtahanda yüksək nəticə əldə etmək üçün süni intellekt alətlərindən və mikrokameradan istifadə etdiyini etiraf edib. Bu hadisə hökumətin əvvəlki dövrdə aşkar edə bilmədiyi mürəkkəb köçürmə şəbəkələrinin mövcudluğunu üzə çıxarıb.
İmtahan zamanı yüzlərlə xüsusi təlim keçmiş nəzarətçi imtahan mərkəzlərində monitorinq aparacaq və qabaqcıl texnologiyalarla təchiz edilmiş köçürmə vasitələrini aşkar etməyə çalışacaqlar.
