Yeni fosil dəlilləri göstərir ki, “Homo erectus” (iki milyon il əvvəl ortaya çıxmış və nəsli kəsilmiş insan növü) Cənubi Çində əvvəllər düşünüləndən daha gec, 324.000 ilə 184.000 il əvvəl sıx tropik yağış meşələrində yaşayıb.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, tapıntılar göstərir ki, bu qədim insanlar çətin meşə mühitlərinə uyğunlaşa biliblər və tədqiqatçıların əvvəllər ehtimal etdiklərindən daha böyük ərazilərə sahib olublar.
Müasir insanın uzaq qohumu “Homo erectus” “Homo sapiens” növümüzdən daha uzun müddət, təxminən iki milyon il yaşayıb. Nəsli kəsilmiş arxaik insan növü Afrikadan Asiyaya, Çinə və İndoneziyanın Yava bölgəsinə qədər otlaqlar və meşəlik savannalar vasitəsilə yayılıb.
Amma alimlər qeyd edirlər ki, “Homo erectus”un üstünlük verdiyi ətraf mühit şəraiti, uyğunlaşma qabiliyyəti və hətta onun nəslinin kəsilməsi səbəbləri haqqında anlayışımız məhduddur.
Cümə axşamı “Nature” jurnalında iki məqalədə dərc olunan yeni tapıntılar Avstraliya, Çin və Avropa tədqiqatçılarından ibarət beynəlxalq bir qrup tərəfindən təqdim olunur. Onlar sıx tropik yağış meşələrinin “Homo sapiens”dən başqa qədim insanlar üçün çox tələbkar olduğu barədə uzun müddətdir mövcud olan fikri şübhə altına alırlar.
Tədqiqat Cənubi Çinin Quansi-Çjuan muxtar bölgəsinin karst mənzərələrində iki qonşu mağaradan - Baxian və Naxiandan tapılan doqquz insan dişinə və minlərlə digər fosilə diqqət yetirir. Bu iki mağara dik əhəngdaşı təpələri, mağaralar və tropik bitki örtüyü ilə əhatə olunmuş ərazidən cəmi 15 kilometr məsafədə yerləşir.
Fiziki xüsusiyyətlərdən və qədim genetik imzalardan istifadə edən tədqiqatçılar səkkiz dişin “Homo erectus”a aid olduğunu müəyyən etdilər. Onlar dişlərə və ətrafdakı mağara çöküntülərinə və mineral formasiyalarına tətbiq olunan beş müstəqil tarixləmə üsulundan istifadə edərək fosillərin yaşını müəyyən ediblər.
Nəticələr bu fərdləri “Homo erectus”un əvvəllər bölgədən yoxa çıxdığı düşünülən bir dövrdə Cənubi Çində yerləşdirir. Buna görə də fosillər Çin materikində “Homo erectus” üçün ən gənc etibarlı tarixli dəlilləri təmsil edir.
