Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanmasına səs verib.
NUHÇIXAN “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, 101 millət vəkilindən 37-si “İsamaa” (“Vətən”) fraksiyasının deputatları tərəfindən təklif edilən “Estoniya Respublikası ilə Rusiya Federasiyası arasında müvəqqəti nəzarət xəttinin (Rusiya ilə sərhəd Estoniyada belə adlanır - İF) bağlanması üçün Respublika hökumətinə təklif təqdim edilməsi haqqında” qətnamənin lehinə səs verib. İki nəfər təklifin əleyhinə səs verib, biri isə bitərəf qalıb. İclas zalında olan daha 36 millət vəkili səsvermədə iştirak etməyib.
“İnterfaks” yazır ki, sənədin izahat hissəsində deyilir: “Bu qətnamənin məqsədi Rusiya Federasiyasından gələn düşmənçilik fəaliyyətinin və hibrid hücumların yeni və təhlükəli səviyyəyə çatdığı bir vəziyyətdə Estoniya dövlətinin və onun sakinlərinin təhlükəsizliyini təmin etməkdir. Dövlət sərhədinin açıq saxlanılması Estoniya Respublikasının konstitusiya quruluşuna və daxili təhlükəsizliyinə birbaşa təhdid yaradır”.
Qətnamədə, həmçinin bildirilir ki, Estoniya-Rusiya sərhədinin bağlanması NATO və Avropa İttifaqının xarici sərhədini gücləndirəcək və “bu addım Finlandiya Respublikasının qərarları ilə həmrəyliyin ifadəsidir”.
Parlament hökumətə nəzarət xəttini bağlamaq üçün birgə tədbirlərdən daha çox effektivliyə nail olmaq məqsədilə şərq sərhədində yerləşən digər Aİ ölkələri ilə məsləhətləşmələr aparmağı tövsiyə edib.
Qəbul edilmiş qətnamə artıq hökumətin əvvəllər zəruri hesab etmədiyi sərhədin bağlanması üçün üçüncü cəhddir.
