BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 9 lehinə və 6 əleyhinə səslə Myanmanın rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyinə dair qərar qəbul edib.
NUHÇIXAN xəbər verir ki, məhkəmə, tarixində ilk dəfə olaraq bir dövləti soyqırımı törətməyə görə məsuliyyətli hesab edib.
Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı cümə axşamı qəbul etdiyi qərarla 2017-ci ildə Myanmanın təhlükəsizlik qüvvələri tərəfindən rohinca müsəlmanlarına qarşı törədilmiş minlərlə qətlin dövlət tərəfindən dəstəklənən soyqırımı aktı olduğunu müəyyən edib. “Reuters” agentliyinin yazdığına görə, qərar əsasən müsəlman əhalinin yaşadığı Qambiyanın iddia ərizəsi təqdim etməsindən yeddi il sonra qəbul olunub.
Haaqada Qambiyanın iddiası üzrə qərarı elan edən məhkəmənin sədri Yudzi İvasava bildirib ki, Myanma Rakxayn ştatının şimalında yaşayan bir qrup rohincaya qarşı soyqırımı törədib və bununla da Soyqırımı haqqında Konvensiyanın öhdəliklərini pozub.
Qərarı oxuyan məhkəmə sədri Yudzi İvasava bildirib: “Məhkəmə müəyyən edib ki, Myanmanın təhlükəsizlik qüvvələri minlərlə dinc rohinca sakinini qətlə yetirib, genişmiqyaslı cinsi zorakılıq aktları törədib, uşaqlara qarşı son dərəcə qəddar əməllərə yol verib, həmçinin qaçmağa çalışan rohincalara hücum edib”.
Məhkəmə Myanmanı ən azı 700 min rohinca müsəlmanının məcbur olaraq ölkəni tərk etməsi ilə nəticələnmiş hərbi əməliyyat nəticəsində baş vermiş soyqırımına görə məsuliyyətli hesab edib.
Məhkəmə bildirib ki, Myanma yol verdiyi pozuntulara görə rohincalara kompensasiya ödəməlidir. Kompensasiyanın məbləği daha sonra müəyyən ediləcək.
Bəyanatda, həmçinin qeyd olunur ki, Myanma qanunsuz əməlləri nəticəsində yaşayış yerlərini tərk etməyə məcbur olmuş rohincaların öz yaşayış yerlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmalarını, eləcə də ailələrin yenidən birləşməsini təmin etməlidir.
