Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb
Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbələri nəticəsində paytaxtın sağ və sol sahilləri arasında nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko sosial şəbəkə hesablarında məlumat verib.
Merin sözlərinə görə, ballistik raket zərbələri nəticəsində Kiyevdəki Podolsko-Voskresenski körpüsü zədələnib. Bu körpü ilə sağ sahildən sol sahilə hərəkət dayandırılıb.
Kliçko Darnitski körpüsünün də zədələndiyini bildirib.
Onun sözlərinə görə, hava hücumu xəbərdarlığı başa çatdıqdan sonra mütəxəssislər körpülərə dəyən ziyanın miqyasını qiymətləndirə biləcəklər.
Mer qeyd edib ki, Cənub körpüsü də yenidən raket zərbəsinə məruz qalıb. Həmin körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Belə ki, yalnız çəkisi 10 tonadək olan nəqliyyat vasitələrinin və 18 tonadək olan ictimai nəqliyyat vasitələrinin sol sahildən sağ sahilə keçməsinə icazə verilir.
“Paytaxtın sağ və sol sahilləri arasında yaranmış mürəkkəb nəqliyyat vəziyyətini nəzərə alaraq, sakinləri zəruri ehtiyac olmadığı təqdirdə şəxsi avtomobillərdən istifadə etməməyə çağırıram.
İşçiləri üçün məsafədən iş rejimi tətbiq etmək imkanı olan qurum və müəssisələrə də müraciət edirəm”, – deyə Kliçko əlavə edib.
Qeyd edək ki, Rusiya ordusu gecə saatlarında Kiyevə səkkiz dəfə ballistik raket zərbəsi endirib.
