İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın bioloji və ya kimyəvi silahlar hazırlaması ilə bağlı ABŞ-nin irəli sürdüyü ittihamları təkzib edib.
NUHÇIXAN “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Bəqai bu iddiaların nə dərəcədə etibarlı sübutlara əsaslandığı ilə bağlı suallar doğurduğunu bildirib.
İranın XİN rəsmisi əlavə edib ki, ABŞ-nin ittihamları əvvəlcə “İranın nüvə təhdidi” ilə bağlı iddialardan ibarət olduğu halda, indi Tehranın kimyəvi və bioloji silahlar hazırlaması ilə bağlı iddialarla əvəzlənib. Onun sözlərinə görə, bu iddialar 2003-cü ildə İraqın işğalından əvvəl ABŞ tərəfindən irəli sürülən bəyanatları xatırladır.
İranlı rəsmi bu xüsusda ABŞ-nin sabiq dövlət katibi Kolin Pauelin 2003-cü ilin fevralında BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışı da xatırladıb. Həmin vaxt Pauel İraqın kütləvi qırğın silahlarına malik olması ilə bağlı iddiaları sübut etmək məqsədilə ABŞ-nin təqdim etdiyi dəlillər çərçivəsində kiçik bir flakon nümayiş etdirmişdi.
