Süni intellekt şirkətlərinin səhmlərinin satışının dərinləşməsi Asiya fond bazarlarında 2020-ci ilin martından bəri ən zəif həftəlik göstəricinin qeydə alınmasına səbəb olub. “Anthropic” şirkətinin rekord səviyyəli ilkin kütləvi təklifinin (IPO) sektora investor etimadını bərpa etməyə kifayət etməməsi vəsaitlərin təhlükəsiz investisiya alətlərinə yönəlməsini sürətləndirib. Bu fonda ABŞ dolları son 19 ayın ən yüksək səviyyəsinə yaxın mövqeyini qoruyub.
NUHÇIXAN xəbər verir ki, Asiya bazarlarında, xüsusilə süni intellekt şirkətlərinin səhmləri üzrə satış təzyiqi güclənib. “MSCI” indeksinin Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionu üzrə göstəricisi 3,2 faiz azalaraq bir aydan çox müddətdə ən kəskin gündəlik enişini qeydə alıb. İndeksin həftəlik itkisi isə 8,3 faizə çatıb. Bu, COVID-19 pandemiyasının başladığı 2020-ci ilin martından bəri ən zəif həftəlik nəticədir.
Yaponiyanın “Nikkei” və Cənubi Koreyanın “KOSPI” fond indeksləri 4,1 faiz ucuzlaşıb. “KOSPI” indeksinin həftəlik itkisinin 6,8 faizə çatacağı gözlənilir. Tayvan fond bazarı isə gündəlik 4,4 faiz, həftəlik 16 faiz geriləmə ilə 1991-ci ildən bəri ən kəskin həftəlik ucuzlaşmasını qeydə almağa hazırlaşır.
Asiya bazarlarında satış dalğası ABŞ-də “S&P 500” indeksinin 2 faizdən çox dəyər itirməsindən sonra güclənib. Süni intellekt şirkəti “Anthropic”in tarixə düşən ilkin kütləvi təklifindən sonra səhmlərinin bahalaşması texnologiya sektorunun digər iştirakçılarına da müsbət təsir göstərməyib.
Analitiklər bildirirlər ki, “Anthropic”in rekord səviyyəli IPO-suna baxmayaraq, investorlar bazardakı böyük mövqelərini azaltmaqda davam edirlər. Makroiqtisadi şəraitin yenidən qiymətləndirilməsi risklərdən yayınma meyillərini gücləndirib.
Qeyri-müəyyənliyin artdığı şəraitdə investorların təhlükəsiz investisiya alətlərinə tələbatı ABŞ dollarını dəstəkləyib. Nəticədə dollar son 19 ayın ən yüksək göstəricilərinə yaxın səviyyədə qalmaqda davam edib.
