Malyariyaya qarşı hazırlanmış yeni peyvənd klinik sınaqların birinci mərhələsində infeksiyanın qarşısını almaqda 87 faiz effektivlik nümayiş etdirib.
NUHÇIXAN xəbər verir ki, “Sanaria” şirkəti tərəfindən hazırlanan PfSPZ-LARC2 adlı peyvəndin sınaqları Vaşinqton Universiteti Tibb Məktəbi və tərəfdaş qurumların iştirakı ilə həyata keçirilib.
Tədqiqat zamanı peyvəndin son dozasını qəbul etdikdən 12-16 həftə sonra 22 iştirakçıya nəzarətli şəraitdə canlı malyariya parazitləri yeridilib. Nəticələrə əsasən, plasebo qəbul edən yeddi nəfərin hamısında infeksiya qeydə alınıb. Peyvənd olunan 15 iştirakçıdan isə yalnız ikisi malyariyaya yoluxub. Beləliklə, peyvənd infeksiyadan 87 faiz qorunma təmin edib.
Tədqiqatçılar bildiriblər ki, peyvənd iştirakçılar tərəfindən təhlükəsiz qəbul edilib. Yoluxma qeydə alınan bütün iştirakçılara vaxtında müalicə göstərilib.
Yeni peyvəndin əsas xüsusiyyəti onun genetik cəhətdən zəiflədilmiş bütöv malyariya parazitləri əsasında hazırlanmasıdır. Peyvənd insanın immun sistemini parazitin müxtəlif zülalları ilə tanış edir və onun qaraciyərdə inkişafını müəyyən mərhələdə dayandırır. Bu yanaşma orqanizmdə güclü immun müdafiəsinin formalaşdırılmasına imkan yaradır.
Sınağın diqqətçəkən məqamlarından biri də peyvənd və sınaq zamanı istifadə edilən parazit ştammlarının fərqli coğrafi mənşəyə malik olmasıdır. Peyvənddə Qərbi Afrikadan olan iştirakçıların yoluxdurulması üçün Braziliyadan götürülmüş parazit ştammından istifadə edilib. Bu, peyvəndin müxtəlif parazit ştammlarına qarşı qoruyuculuğunu qiymətləndirmək baxımından əhəmiyyətlidir.
Tədqiqatın nəticələri Vaşinqtonda keçirilən Amerika Tropik Təbabət və Gigiyena Cəmiyyətinin illik toplantısında təqdim olunub.
Qeyd edək ki, malyariya hər il dünyada 600 mindən çox insanın ölümünə səbəb olur. Xəstəliyə qarşı daha effektiv qorunma vasitələrinin hazırlanması qlobal səhiyyənin əsas prioritetlərindən biri olaraq qalır.
